''Esse yazmaq jurnalistika deyil'' - ''Qabiliyyət imtahanı ləğv olunsun!''

 12:42 08.08.2025     83

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 4-də keçirilmiş qabiliyyət imtahanının nəticələri elan edildi. İmtahana 1071 abituriyent qeydiyyatdan keçmişdi. Onlardan 253 nəfəri imtahana gəlməyib. Geridə qalan 818 nəfərdən isə 745 abituriyent "məqbul" cavabı alıb.

Bu zaman düşündürücü sual ortayaq çıxır: cəmiyyətin "dördüncü hakimiyyət" adlandırdığı jurnalistləri sadəcə bir esse ilə seçmək bu qədər asan olmalıdırmı?

Redaktor.az azedu.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı jurnalist, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli qeyd edib ki, Dövlət İmtahan Mərkəzi (DİM) boş yerə vəsait, kağız və zaman xərcləyib, gərəksiz imtahanla məşğul olmamalıdır.

"Bu məsələni polemika yaratmağa, müzakirə predmetinə çevirməyə ehtiyac yoxdur. Yeganə bir çıxış yolu var ki, o da jurnalistikaya qəbulda həm bakalavrda, həm də magistraturada “qabiliyyət imtahanı” deyilən gərəksiz və faydasız proseduru aradan qaldırmaqdır ki, abituriyentlər üçün daha rahat və geniş imkanlar yaransın.  Dövlət İmtahan Mərkəzi boş yerə vəsait, kağız və zaman xərcləyib, gərəksiz imtahanla məşğul olmamalıdr. Buna görə də təklifim ondan ibarətdir ki, jurnalistikaya qəbulda qabiliyyət imtahanı ləğv olunsun". 

Esse, felyeton yazmaq  müəyyən subyektiv hissləri ifadə etmək ədəbi yaradıcılıq məsələsidir. Bu, jurnalistika deyil.

"Əgər özümüzü qonşu Türkiyə Respublikası ilə müqayisə etsək, görərik ki, orada jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı tələb olunmur. Bəs bizdə niyə var? Bu təklifi irəli sürənlərin niyyəti, yəqin ki, xoş olub. Ancaq bu yanaşmanın arxasında ideoloji düşüncə, daha doğrusu, Sovet dövründən qalma bir ənənə dayanır. Guya jurnalist yaxşı oçerk, esse və ya inşa yazmağı bacarmalıdır. Halbuki bu, jurnalistikanın mahiyyəti deyil.

Esse və felyeton yazmaq - yəni subyektiv hiss və düşüncələri ifadə etmək bədii yaradıcılığa aiddir, jurnalistikaya yox. Yaxşı jurnalist yetişdirmək üçün intellektual səviyyəsi yüksək, yaxşı hazırlıqlı tələbələr seçilməli, tədrisin keyfiyyəti artırılmalı və praktikaya əsaslanmalıdır. Dərsləri bu sahədə təcrübəsi olan, peşəkar jurnalistlər tədris etməli və tələbələr də jurnalistikanı real praktik mühitdə öyrənməlidirlər. Əks halda, bəsit mövzularda yazılmış esse və oçerklərlə jurnalist yetişdirmək mümkün deyil. Bu cür yanaşma jurnalist olmaq üçün heç bir zəmanət vermir".

Vumart və Güvən reklamı Vumart Güvən