Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Müqəddəs missiya” kitabının təqdimatı keçirilib

26 avqust 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublkasının Birinci Vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətindən bəhs “Müqəddəs missiya” kitabının təqdimatı keçirilib.
Müəllifi Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyasının sədri, yazıçı-tədqiqatçı Sayman Aruz olan kitabın təqdimatında giriş sözü ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti ilə bağlı maraqlı fikirlər səsləndirib. Mehriban Əliyevanın fəaliyyətinin yalnız ölkəmizi deyil, respublikamızın hüdudlarından çox-çox uzaqları da əhatə etdiyinə diqqət çəkən polkovnik Cəlil Xəlilov, bütün bu fəaliyyətin nüvəsində məhz Azərbaycan faktorunun dayandığını bildirib.
Sayman Aruzun “Müqəddəs missiya” kitabında Mehriban xanımın tarixi fəaliyyətini ədəbi-bədii dildə, axıcı bir şəkildə oxucuların diqqətinə çatdırdığını qeyd edən Təşkilat sədri, bu cür əsərlərin gənc nəslin maariflənməsi, öz tarixini, dəyərlərini, mədəniyyəti dərindən öyrənməsi baxımından mühüm önəm kəsb etdiyini bildirib.
Tədbirdə çıxış edən AzTV-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnar Məmmədli, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlili, rəssam Nigar Helmi Abbasbəyli, teleaparıcı Fəxriyyə İsayeva, tarixi romanlar müəllifi Sona İsmayılova “Müqəddəs missiya” kitabının ədəbi-tarixini önəmindən bəhs edib, bu cür əsərlərin gənclərdə dövlətçilik təfəkkürünün formalaşmasında əhəmiyyətli rol oynadığını bildirib. Dəyərli əsərə görə müəllif Sayman Aruza öz təşəkkürlərini bildirən natiqlər, Mehriban Əliyevanın zəngin və çoxşaxəli fəaliyyətinin illər, əsrlər sonra da maraqla araşdırılacağına, mühüm tədqiqat mövzusu olacağına inamlarını ifadə ediblər.
Tədbirin sonunda çıxış edən yazıçı-tədqiqatçı Sayman Aruz tədbirin təşkilinə verdiyi dəstəyə görə polkovnik Cəlil Xəlilova öz təşəkkürünü bildirib. Mehriban Əliyeva ilə bağlı tədqiqatlarını bundan sonra da davam etdirəcəyini bildirən Sayman Aruz, Birinci vitse-prezidentin həyata keçirdiyi müqəddəs missiyaya hər bir azərbaycanlının dəstək verməsinin vacibliyini qeyd edib. Müəllif qeyd edib ki, daha güclü Azərbaycana gedən yol xalqımızın həmrəyliyindən, vətəndaşlarımızın öz Prezidenti, Birinci vitse-prezidenti ətrafında sıx birləşməyindən keçir və hər kəs bu birliyin qorunub saxlanılması, möhkəmlənməsi üçün əlindən gələni əsirgəməməlidir.
Tədbirin sonunda xatirə şəkli çəkilib.








