“Şəhidlərin əziz xatirəsinə” adlı kitabın təqdimat mərasimi baş tutdu - FOTO

 00:07 12.01.2026     659

Dağlıq Şirvan Regional Ağsu Rayon Təhsil Sektorunda mənəvi dəyəri və ictimai əhəmiyyəti ilə seçilən mühüm bir tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, Dilman kənd tam orta  ümumtəhsil məktəbinin həmkarlar təşkilatının sədri, şəhid bacısı Ülviyyə Qaniyevanın müəllifi olduğu “Şəhidlərin əziz xatirəsinə” adlı kitabın təqdimat mərasimi baş tutub.

Şəhidlərimizin müqəddəs xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi dərin ehtiram və yüksək mənəvi ovqat şəraitində keçirilib. Tədbirdə Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın göstərdikləri misilsiz şücaət bir daha hörmət və qürur hissi ilə yad edilib. Kitabda şəhidlərimizin keçdiyi şərəfli həyat yolu, Vətənə sonsuz sevgisi, fədakarlığı, eləcə də ailələrinin yaşatdığı yüksək mənəvi dəyərlər böyük duyğularla əks olunub.

Təqdimat zamanı vurğulanıb ki, Ülviyyə Qaniyevanın qələmə aldığı bu kitab yalnız bir nəşr deyil, eyni zamanda gələcək nəsillər üçün vətənpərvərlik dərsi, şəhidlərimizin əziz xatirəsinə ucaldılmış mənəvi bir abidədir. Şəhid bacısı kimi müəllifin qələmindən süzülən hər bir sətir səmimiyyət, ağrı, qürur və Vətən sevgisi ilə yoğrulub. Bu cür tədbirlərin gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında, şəhidlərimizin qəhrəmanlıq salnaməsinin yaşadılmasında mühüm əhəmiyyət daşıdığı bildirilib.

Ağsu rayon Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsi Ülviyyə Qaniyevanı bu dəyərli və mənalı kitab münasibətilə ürəkdən təbrik edib, ona möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, yeni uğurlar və gələcək fəaliyyətində davamlı nailiyyətlər arzulayıb.

 

22222222222222222222
Vumart və Güvən reklamı Vumart Güvən