Ölkədə qazlaşma 96 faizə çatıb!

 13:04 14.01.2026     771

Ötən əsrin axırlarına qədər ölkəmiz qaz təchizatı məsələsində böyük çətinliklərlə üzləşirdi. Həm daxili tələbatın ödənilməsi, həm də xarici tələbatın qarşılanması məsələsi ciddi problemlər yaradırdı. Azərbaycan təbii qazı əsasən xaricdən idxal edirdi və ölkənin enerjiyə olan ehtiyacı da əsasən xarici mənbələrdən təmin edilirdi.

Son 20 ildə Azərbaycan, enerji sahəsində böyük infrastruktur layihələrinə həyata keçirmiş və bu sahədə böyük uğurlar əldə etmişdir. Ölkənin təbii qazla təchizatı məsələsi, bütün əhalinin enerjiyə çıxışını təmin etmək məqsədilə həyata keçirilən mühüm addımlardan biridir.

Prezident İlham Əliyev "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib ki, bu gün Azərbaycanda əhalinin qazlaşma səviyyəsi 96 %-ə çatıb.

Azərbaycanda qazlaşmanın 96%-ə çatması, təbii qaz infrastrukturunun genişləndirilməsinin nəticəsidir. Son illər ərzində, yeni qaz kəmərləri çəkilib, mövcud kəmərlər yenilənib və əhalinin qaz təchizatı daha da optimallaşdırılıb. Bu layihələrdən bəziləri xüsusilə Azərbaycanı enerji xərclərini azaldan və daxili tələbatı təmin edən ölkəyə çevirmişdir. Dünya miqyasında bir çox ölkə bu təcrübəni öyrənmiş və bu layihələrin Azərbaycanla əməkdaşlığına maraq göstərmişdir. Azərbaycan artıq yalnız daxili tələbatını ödəməklə kifayətlənmir, həm də təbii qazını xarici bazarlara, o cümlədən Avropa və Asiya ölkələrinə ixrac edir. Bu, ölkənin iqtisadiyyatını gücləndirir və Azərbaycanı regionda mühüm enerji təminatçısı olaraq tanıdır.

Bütün bu yeniliklər və uğurlu işlər  Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi kimi icra olunur.  Çünki Azərbaycanda qazlaşma sosial mahiyyət daşıyır və dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Bir sözlə, qazlaşmanın sürətlənməsi və qısa müddətdə bütün ölkə üzrə başa çatması  Azərbaycan dövlətinin və onun rəhbəri cənab İlham Əliyevin öz vətəndaşına sosial dəstəyidir.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Vumart və Güvən reklamı Vumart Güvən