Bu ərazidə nəqliyyat sıxlığının azaldılması üçün yeni tunel inşa EDİLƏCƏK
Xırdalan şəhərinin mərkəzində nəqliyyat sıxlığının azaldılması məqsədilə yeni tunel layihəsinin icrasına başlanılması planlaşdırılır.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Onun sözlərinə görə, M-4 avtomobil yolu – Xırdalan (mərkəz) tuneli 2026-cı ildə tikintisinə başlanması mümkün olan prioritet layihələr sırasındadır.
A.Rzayev bildirib ki, layihənin həyata keçirilməsi Xırdalan və ətraf ərazilərdə avtomobil axınının daha səmərəli təşkili, tıxacların azalması və paytaxta giriş-çıxışın sürətlənməsinə xidmət edəcək.
Sədr həmçinin bildirib ki, 2026-cı ildə bir neçə yeni yol layihəsinin tikintisinə başlanması planlaşdırılır: "Bunlara M. Xiyabani – Dairəvi-1 yolu, Xırdalan dairəsi və Ə. Salamzadə – Z. Bünyadov istiqaməti daxildir".
Onun sözlərinə görə, həyata keçirilən və planlaşdırılan layihələr Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılmasına və hərəkətin daha təhlükəsiz təşkilinə xidmət edəcək.













