Bu mükafat münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək
Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. Zayed İnsan Qardaşlığı Mükafatı"nı almaq böyük şərəfdir. Bu mükafat BƏƏ-nin banisinin - mərhum Şeyx Zayedin adını daşıyır. O, böyük bir lider idi. Onun fəaliyyəti BƏƏ-ni ən əmin-aman və uğurlu dövlətlərdən birinə çevirdi. Mənim əziz qardaşım Şeyx Məhəmməd atasının yolunun davamçısıdır və irəliləyiş, tərəqqi, müasirləşmə davam edir. Bu gün BƏƏ bir çox ölkələr üçün nümunədir ki, ölkə necə dəyişməlidir, cəmiyyət necə inkişaf etməlidir, ahəngdarlığa getməlidir və öz tarixi köklərinə bağlı olaraq eyni zamanda gələcəyə baxmalıdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimatolunma mərasimində çıxışı zamanı deyib.
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri, dövlətimizin başçısının 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi, Əbu-Dabidə keçirilən yüksəksəviyyəli görüş Azərbaycan–BƏƏ münasibətlərinin formal diplomatiya mərhələsindən çıxaraq geosiyasi tərəfdaşlıq səviyyəsinə çatdığını göstərir. Bu proseslər, həm Azərbaycanın artan beynəlxalq nüfuzunun, həm də Prezident İlham Əliyevin regional lider kimi qəbul olunmasının göstəricisidir.
Dövlət başçısı daha sonra qeyd edib ki, Azərbaycan və Ermənistan sülh şəraitində yaşamağı öyrənir: "Bu xüsusi bir hissdir. Müstəqillikdən sonra biz heç zaman sülh içində yaşamamışıq. ABŞ Prezidenti Donalda Trampa Vaşinqton sammitinin təşkilinə görə təşəkkür edirəm. O, üçtərəfli sammiti 2025-ci ilin avqustun 8-də təşkil etdi və bu, Ermənistan-Azərbaycan arasında sülh sazişinin paraflanması ilə başa çatdı".
Füzuli Abdullayev,
YAP Ağsu rayon təşkilatının sədri













