"Vaşinqton Zirvəsindən sonra sülhə doğru ciddi irəliləyiş əldə olunub"
Vaşinqton Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevral ayının 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.
Səfər çərçivəsində ölkə rəhbəri Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla və digər rəsmilərlə görüşlər keçirib. Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib.Təqdimat mərasimində çıxış edən ölkə başçısı bu mükafata görə münsiflər heyətinə dərin minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təqdimat mərasimindəki çıxışında ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olduğunu vurğulamışdır. Prezident İlham Əliyev bildirib ki, bu altı ay münasibətlərimizin inkişafı baxımından çox mühüm olmuşdur. Zirvə görüşündən sonra biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq.
Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk. Ölkə başçısına təqdim edilən “Zayed İnsan Qardaşlığı Mükafatı” təkcə fərdi liderlik uğuru deyil, həm də Azərbaycanın beynəlxalq səviyyədə sülh diplomatiyası və əməkdaşlıq təşəbbüslərinin tanınmasıdır. Bu mükafat, regionda əmin-amanlığın möhkəmlənməsi üçün aparılan səylərə verilən yüksək qiymətdir və gələcəkdə daha geniş sülh təşəbbüslərinə təkan verə bilər.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini













