İçimdə boğulan və yenidən doğulan kədər...
Bu yazını 10 fevralda yazıram, ustadımız, rəisimiz, baş redaktorumuz olmuş polkovnik, şair Ramiz Duyğunun doğum günündə. Ötən il ad gününü evində süfrə arxasında keçirmişdik! Bu gün isə məzarının üstünə gül dəstəsi düzdük!
Bu yazını İlqar Əhmədoğluna ithafən qələmə alıram. Ötən ilin may ayında “Məndən sonra” kitabının təqdimatına toplaşmışdıq və tezliklə görüşməyə söz vermişdik.
Elə məqamlar olur ki, ömrün boyu vərdiş etdiyin, həyatının mənası və məzmunu saydığın bir işin qulpundan yapışmağa, onu yerindən tərpətməyə çətinlik çəkirsən, ha cəhd göstərsən də özündə güc tapmırsan. Jurnalistika da, yazı yazmaq da belədir. Gözümü açandan sözə ehtiramla yanaşsam da, sözün dərinliyinə varıb, sözümü, həm də özümü uca tutmağa çalışsam da, bu gün barmaqlarımı kompüter düyməciklərində o yan-bu yana fırlada-fırlada qalmışam, yazıram, sonra yazdığımı pozuram və yenidən bir daha yazdığıma başqa prizmadan qayıdıram. Dəqiq bilirəm ki, nəyi, necə, haradan başlayıb, harada qurtarsam da, bir qərinəlik dostluğumuzu, yaradıcılıq münasibətlərimizi, səmimi ünsiyyətlərimizi tam dolğunluğu ilə ifadə edə bilməyəcəyəm. Bunun üçün ilk növbədə əziz dostum yazıçı-publisist İlqar Əhmədoğlunun (Quliyev İlqar Əhməd oğlu) bu dünyada olmadığına inanmalıyam və yaxud özümü bu reallığa alışdırmalıyam ki, həyatın Allah bəndəsi üçün gəldi-gedərliyinə təəssüf hissim içimi təlatümə gətirsin.
Acı xəbəri İstanbulda həkim növbəsində ikən qızı Aygüldən alandan sonra qayğıkeş ağxalatlı xanımın uzun-uzadı nəyi, niyə izah etdiyinin fərqinə vara bilmirdim, başım ilə dediklərini qəbul etdiyimi anladaraq tez qurtulmağa çalışırdım. Deyəsən, o da mənim bu bivecliyimə biganə deyildi. Sonra həmin günə necə aviabilet tapdığım, tıxaclı İstanbulda Avropanın ən böyük hava limanlarından birinə necə çatdığım, gecə saat 4-dən 7-dək Bakıdakı evimdə ümumi dostumuz jurnalist-yazıçı Elşad Qocanı gözlədiyim və Göyçayın Mallı-Şıxlı kəndinə yasa gedib-qayıtmağımız bir yuxu kimi gəlir mənə. Və indi onun haqqında hazırlanacaq kitaba mülahizələrimi yazmalıyam. Asandırmı?!...
Kiməsə çox asan görünə bilər, mənə yox! Çünki mən mərhum dostumun ən çətin sınaq günlərində sınmadan, əyilmədən böyüklükdə böyük, ucalıqda uca, insanlıqda insan kimi qaldığını uzun üllər müşahidə etmişəm. Bəzən həddindən artıq sadəlövhlüyü üzündən əziyyət çəkdiyinin, bəzən kiməsə etmək istədiyi yaxşılığın əvəzində ürəyinin az qala param-param parçalanacağı qorxusunu yaşadığının mənəvi sarsıntılarına dərindən “Oy Allah!” deyib xitam verdiyi anlarının çox-çox şahidi olmuşam. Və Allah-Taalanın dünyaya bəxş etdiyi bu qədər saf, mərhəmətli bəndəsinin elə o qədər də sadə, üzüyola, tez inanan olduğuna məəttəl qalmışam. Mərhum ümumi dostumuz professor Cəlal Qasımovun bir sözünü həmişə misal çəkirəm: “Savadlı, istedadlı adam tıxsız balıq kimidir, onun kimsəyə ziyanı dəyməz!”
Bu misalı bütün mənalarda İlqar Əhmədoğluna və onun kimi Allah bəndələrinə aid etmək olar. Elə bu səbəbdəndir ki, həmişə onun yanında olmağa, mənən dayaq durmağa, bir az da dərinə getsəm görüb-götürməyə meyllənmişəm. Müəyyən problemini gizlətmək istəsə də, onu tək buraxmadığıma, dərdini bölüşüb şərik çıxmağıma necə sevindiyi gözümün önündədir, xəfif təbəssümü ilə ortalığa incə bir yumor qataraq hər şeyin yolunda olduğu görüntüsü yaratmaq (həm də məni ovutmaq) üçün! Şikayət etməzdi, elə belə özü fasonda reaksiya verərdi ən çətin məqamlara. Başına nə gəlirdisə, kiməsə yarınmaq, kiməsə, nədəsə kömək etmək istəyindən gəlirdi.
Nəinki ailəyə, uşaqlarına, həm də dostlarına və iş yoldaşlarına bağlı adam idi. Uğurlara məsum körpə kimi sevinərdi, həmdərd olmağı da bacarardı. İlqarla 1992-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin (indiki DTX) Mətbuat Xidmətində işə dəvət alanda tanış olmuşduq. Xidmətin rəhbəri tanınmış şair Ramz Duyğun o dövrdə nazirliyin tərkibində olan milli sərhəd qoşunlarımız üçün “Sərhəd” qəzetini formalaşdırmaq fikrinə düşmüşdü, məni də məsul katib vəzifəsinə dəvət etmişdi. Qəzetin ilk sayını tez bir zamanda hazırladıq və oktyabr ayında nəfis şəkildə çap etdirdik. O gündən başlayaraq həftəlik A2 formatlı mətbu orqanımız söz cəbhəsinə çevrildi. Elşad Qoca, İlqar Quliyev, Lətif Şüküroğlu, Qardaşxan Əzizxanlı, İbrahim Rüstəmli, Zərif Cəfərova, Xatirə Tağıyeva, Rəbiyə Zeynalova kimi redaksiya əməkdaşlarımız, dəyərli yazıları minnətsiz çap edən və qonorarla dəyərləndirən mətbu orqan tapmış jurnalistlərimizin sayəsində redaksiyamız daim qaynar bir məntəqəyə çevrilmişdi. Bu qəzetdə kimlər çap olunmadı, kimlər haqqında yazılar yazılmadı?!.. İlk sayımızda Ramiz Duyğunun imzası ilə Heydər Əliyev haqqında böyük material yer aldı. Onda hələ 1992-ci il idi. Qaynar cəbhə xəbərləri, sərhəd qoşunlarının formalaşması prosesi hər kəs üçün maraqlı və cəlbedici idi. Xalq şairi Xəlil Rza, Tahir Söhrab, Məmməd Arazla yanaşı ən yaxşı ədəbiyyat nümunələri qəzetimizin səhifələrində yer alırdı. Və bu qəzetin yükünü 2-3 əməkdaş həm də tez-tez ezamiyyətlərə yollanıb təcili material vermək şərtilə daşıyırdı ki, onlardan biri də İlqar Əhmədoğlu idi. Bu gərginlik içində işləməklə həm də bədii yaradıcılıqdan qalmırdı. İşıq üzü görən kitabları həyatda yaşadıqlarını əks etdirir.
Son görüşümüz Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda baş tutdu, - “Məndən sonra” kitabının təqdimatında. Son fotolarımız da o günləri göz önündə canlandırır. Ancaq bu sonralar xəyalları uzaq əvvəllərə çəkib aparır. Oradan isə üzümüzə nur çöhrəli, işıqlı bir insanın - İlqar Əhmədoğlunun əziz xatirəsi canlanır!

Mahir CAVADLI,
AYB və AJB üzvü, Qarabağ müharibəsi veteranı













