"İmzalanmış Strateji Xartiya iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir"

 11:37 12.02.2026     575

Azərbaycan–ABŞ münasibətləri artıq çoxşaxəli və strateji səviyyəyə yüksəlib. Bu əlaqələr sülh, təhlükəsizlik, texnologiya, iqtisadi əməkdaşlıq və diplomatiya sahələrində bir-birini tamamlayır, qarşılıqlı etimad və faydalı əməkdaşlığın yeni mərhələsini təsdiqləyir. Azərbaycanın effektli xarici siyasət kursu və Prezident İlham Əliyevin liderliyi ölkəmizi beynəlxalq münasibətlərdə vacib tərəfdaş kimi mövqeləndirib, regionda və qlobal miqyasda nüfuzunu artırıb. Birləşmiş Ştatların Vitse-prezidentinin ölkəmizə səfəri də məhz bu strateji əməkdaşlığın və qarşılıqlı etimadın təzahürü kimi yadda qaldı. Səfər çərçivəsində aparılan yüksəksəviyyəli görüşlər, Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması və qarşılıqlı əməkdaşlıq istiqamətlərində əldə olunan uğurlar Azərbaycan–ABŞ münasibətlərinin real, konkret nəticələrə söykənən strateji tərəfdaşlığa çevrildiyini göstərdi.

"Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır".

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens ilə keçirilən mətbuat konfransında deyib.

Xartiyada deyildiyi kimi Azərbaycan və ABŞ müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər. Tərəflər terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq mövcud antiterror əməkdaşlığını genişləndirməyi planlaşdırırlar.

Eyni zamanda, kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqların artırılması üzrə əməkdaşlıq nəzərdə tutulur. Tərəflər Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, humanitar minatəmizlənmə sahəsində maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə potensialın artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər.

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri

Vumart və Güvən reklamı Vumart Güvən