Yer kürəsində güclü maqnit qasırğası GÖZLƏNİLİR
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKI RAN) Günəş astronomiyası laboratoriyasının məlumatına görə, Yer kürəsində son aylarda ən güclü maqnit qasırğalarından biri başlayacaq və təxminən 6 gün davam edəcək.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata əsasən, geomaqnit aktivlik cümə axşamı başlayacaq və 24 martadək davam edəcək. Son sutka ərzində aparılan proqnozlar dəfələrlə dəqiqləşdirilib və qasırğanın gücünün daha da artacağı qeyd olunur.
Alimlər bildirirlər ki, bu prosesə bir neçə amil təsir edir: Günəşdən atılan plazma axını və Günəşdəki tac dəliklərinin təsiri. Xüsusilə Günəşdə baş verən partlayış nəticəsində kosmosa böyük həcmdə plazma atılması maqnit sahəsinə ciddi təsir göstərir.
Proqnozlara görə, maqnit qasırğasının pik mərhələsi 19–21 mart tarixlərində müşahidə olunacaq. Bu dövrdə 50–55 dərəcə enliklərdə şimal qütb işıqlarının görünməsi ehtimal edilir.
Qasırğanın zəifləməsi isə 22–24 mart tarixlərinə təsadüf edəcək və bu zaman Günəşdəki tac dəliklərinin təsirindən yaranan zəif geomaqnit aktivlik davam edəcək.
Nuriyyə NATİQQIZI













