31 Mart - Tarixin yaddaşından silinməyən soyqırımı
Erməni terrorçuları tarixən xalqımıza qarşı nifrətlərini qətlyamlar, faciələr, soyqırımlar törətməklə biruzə veriblər. Çürük erməni xislətinə xas olan vandalizm, vəhşilik zaman-zaman xalqımızın faciələr yaşamasına, günahsız insanların qətlinə səbəb olmuşdur. Öz ata-baba yurdunda yaşayan insanların, xüsusilə qocaların, qadınların, uşaqların səbəbsiz və günahsız şəkildə kütləvi qətlyamı “Böyük Ermənistan” xülyasının reallaşdırma planının tərkib hissəsi olub.
1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Sovet hakimiyyəti dövründə 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirdilər. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Təkcə Bakıda 12 min azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 ,Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə-yeksan edilib.Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.
Ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində, həmçinin 2023-cü ilin sentyabrında qətiyyətlə verildi. Soyqırımı qurbanlarının, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa olundu, suverenliyimiz tam təmin edildi.
Bu gün Azərbaycan xalqı soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla anır, onların faciəli taleyini unutmur. Eyni zamanda, tarixi ədaləti bərpa edərək qazandığı Zəfərlə öz gücünü və qətiyyətini bütün dünyaya nümayiş etdirməyin qürurunu yaşayır.
Soyqırımı qurbanlarının xatirəsi daim əziz tutulacaq və heç vaxt unudulmayacaq.
Füzuli Abdullayev,
YAP Ağsu rayon təşkilatının sədri













