Güclü külək və leysan gözlənilir - FHN əhaliyə xəbərdarlıq ETDİ
Azərbaycanda yaxın günlərdə gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyi mövcud hava şəraitini nəzərə alaraq əhaliyə təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edib.
Məlumata görə, güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəkləri və naqillərinin, eləcə də hündür ağacların altında dayanmamaq lazımdır.
Bildirilib ki, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirilməlidir.
Qeyd edilib ki, kiçikhəcmli gəmi istifadəçilərinə belə hava şəraitində dənizə çıxmamaq tövsiyə olunur.
Məlumata əsasən, intensiv yağıntılar səbəbindən yarana biləcək sel və daşqın riskinə görə təhlükəli ərazilərdən uzaq durmaq, belə hallarda dərhal yüksək yerlərə çəkilmək vacibdir.
Bildirilib ki, ildırım zamanı elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq sahədə elektrik xətlərindən və hündür obyektlərdən uzaq olmaq tövsiyə edilir.
Qeyd olunub ki, avtomobildə olan şəxslər ildırım zamanı hərəkəti dayandırmalı və təhlükə keçənədək gözləməlidir.
Məlumata görə, fövqəladə hallar zamanı vətəndaşlar 112 qaynar xəttinə müraciət edə bilərlər.













