"Yaralı ruhlar"

 14:33 05.05.2026     561

Filmin başlaması ilə müharibə adlı bir dəhşətin özü ilə qarşılaşırsan. Lakin bütün bunlar bir görüntü deyil. O qanlı meydanda ölümə meydan oxuyan bir əsgərin dili ilə söylənilir. O əsgərin ki, ölüm onlar üçün bir faciə deyil, sadəcə onu başa vurmaq, Zəfəri gözləri ilə görmək istəyinin özüdür. Ekran əsəri müharibə bitsə də, hələ də onun ağırlığını, dəhşətini bütün varlığında hiss edən əsgərin xatirəsidir. Özü də həssas, kövrək bir qəlbin Zəfərdən duyduğu sözlərdir. Bu sözlərdə ürəyə axan göz yaşlarının izi sanki aydın görünür. İtirilən səngər yoldaşları, qəddar silahların parçaladığı insan cəsədi, nakam qalmış arzular. Əgər qarşıda Zəfər olmasaydı bu ağrıya yəqin ki, dözmək çətin olardı. Çox çətin. Əsgərin kövrək, təmkinli səsi bizi o döyüşlərin iştirakçısına çevirir. Şəhadətə qovuşanlar ən yüksək məqama yüksəldi. Bəs bədənində qəlpə gəzdirən, yarımcan olan, cavan ömrünə qazi sözləri, ünvanı yazılanlar necə. «Yaralı ruhlar» sənədli filmi bu cəhətdən Zəfərimizə həsr olunan ən dəyərli ekran işidir. 

Vətən uğrunda döyüşmüş döyüşdən qayıtsa da, daxilindəki müharibəni bitirə bilməyən bütün veteranlarımıza həsr olunur sözləri ilə başlayan film açılan atəş səsləri ilə tamaşaçısını heç vaxt unutmayacağımız həqiqətlə tanış edir. Qazilərimizin dili ilə söylənilən, Vətənə sevgidən yoğrulmuş həqiqətlər onların öz dili ilə çatdırılır. Bir məsələnin üzərində xüsusilə dayanmaq istəyirəm. Ssenari müəllifi və quruluşçu rejissor Taleh Urfansoy özü də döyüş yolu keçmiş bir qazidir. Odur ki, müəllif hadisələri daha məzmunlu, ətraflı çatdıra, onu sənət nümunəsinə çevirə bilib.

Qələbədən sonra evlərinə dönən, şəhidlik zirvəsinə ucalan silah yoldaşlarının xatirələrindən, bədənlərində gəzdirdikləri qəlpə və beyinlərini tərk etməyən mənəvi iztirablarından bəhs edir. Əslində onları ən çox narahat edən cəmiyyətə adaptasiya olmaq məsələsidir. Onlar yaşadıqları o yaraları unuda bilmir, gündüzlər buna çalışsalar da gecələr yuxularına girənlərə dur söyləyə bilmirlər. Bax budur, onları ağrıdan, qəlpələrdən, güllə yarasından çox ağrıdan, acı verən. İstəsələr də, cəhd etsələr də yuxularına girən, gündüzlər onları təqib edən bu acıdan qurtara bilmədikləri üçün əsəbi ola da bilirlər. Lakin unutmaq olmaz ki, bu yaraları, bu əlilliyi Vətənə xidmət edərkən, 30 illik bir həsrətə son qoyan 44 günlük Şanlı Zəfərimiz üçün qazanıblar. Onları başa düşmək, arzularının həyata keçməsinə yardım etmək bir xoş sözlə könülləri almaq hər birimizin vətəndaşlıq borcudur. 

Film əlil arabasında yolu keçməyə çalışan bir hərbiçiyə kiçik məktəbli qızın onu tanıması və polis əmiyə müraciəti ilə maşınların dayanması hər kəsin onun yoldan keçməsinə böyük sevgi ilə kömək etməsi ilə başa çatır.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Taleh Urfansoy, quruluşçu rəssam Nicat Məmmədov, bəstəkarı Nigar Süleyman, rejissor Səbuhi Hacıyev, redaktorları Lalə Məmmədova və Yalçın Sadıqlıdır. Filmin ərsəyə gəlməsinə yaxından köməklik göstərmiş Azərbaycanın Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Şəki şəhər İcra Hakimiyyətinə təşəkkür edirik.

Filmin tamaşaçılara təqdim edilməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin “İndi bizim dərsliklərimizdə elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməlidir” sözlərinə yaradıcı bir cavabdır.

Yalçın Sadıqlı,

Polkovnik

Vumart və Güvən reklamı Vumart Güvən