"Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası uğurlu nəticələri ilə yadda qalacaq"
Mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi yalnız beynəlxalq tədbir xarakteri daşımır. Bu forum ölkəmizin müasir inkişaf modelinin, dayanıqlı şəhərsalma siyasətinin və postmünaqişə dövründə aparılan bərpa işlərində əldə etdiyi nailiyyətlərin qlobal miqyasda təqdimatı baxımından strateji əhəmiyyətə malikdir.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına qatılan iştirakçıların geniş coğrafiyanı əhatə etməsi də bunu təsdiqləyir. 182 dövlətdən 45 mindən çox müxtəlif peşə və səlahiyyət sahiblərindən ibarət nümayəndə heyətinin Bakıya gəlməsi ölkəmizə olan etimadın göstəricisidir. Paytaxtın müasir infrastrukturu, yeni şəhərsalma layihələri, memarlıq nümunələri, mədəni potensialı və beynəlxalq tədbirlərin təşkilində qazandığı təcrübə Azərbaycanın bu sahədə güclü bir mərkəzə çevrildiyini nümayiş etdirir.
Ölkə başçısı açılış mərasimindəki çıxışı zamanı Azərbaycanın urbanizasiya, şəhərsalma və postmünaqişə dövründə yenidənqurma sahəsində həyata keçirdiyi siyasətin əsas istiqamətlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Prezident cənab İlham Əliyev vurğuladı ki, Azərbaycanın WUF13 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəyə olan etimadın və Azərbaycanın qlobal əməkdaşlıq platformalarında etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir.
Cənab İlham Əliyevin sessiyadakı çıxışının ən təsirli hissəsi isə heç şübhəsiz işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı olan hissəsidir. Dövlət başçısı ölkəmizin hazırda tamamilə dağıdılmış nəhəng bir ərazidə sıfırdan, ən müasir şəhərlər və kəndlər inşa etdiyini və bunun dünya şəhərsalma tarixində misli görünməmiş bir "Böyük Qayıdış" missiyası olmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ölkə başçısı bildirib ki, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı dövlət siyasətinin mühüm istiqamətidir. Bu yanaşma yalnız infrastrukturun bərpasını deyil, eyni zamanda müasir, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqini də əhatə edir. Beləliklə də, Azərbaycan postmünaqişə dövründə innovativ şəhərsalma modelini beynəlxalq ictimaiyyətə təqdim edir.
Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi, şəhərsalma sahəsində əldə etdiyi uğurların dünya ictimaiyyətinə təqdim olunması və ölkəmizin dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfənin daha geniş şəkildə nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Forum çərçivəsində keçirilən görüşlərdə, iştirakçıların rəylərində də bu fikirlər xüsusi qeyd edilir ki, Azərbaycan müxtəlif tərəfləri bir araya gətirərək şəhərsalma problemlərinin həllinə mühüm töhfə verir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası mühüm nəticələrlə yadda qalacaqı iştirakçılar tərəfindən əminliklə qeyd olundu.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini













