ADY qatar biletlərinin qiymət artımının səbəblərini AÇIQLADI
Bakı–Tbilisi–Bakı reysi üzrə bilet qiymətlərinin formalaşmasına təsir edən əsas amillər açıqlanıb.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, beynəlxalq istiqamətlər üzrə gediş haqları bir neçə iqtisadi və texniki göstərici əsasında müəyyən edilir.
Məlumata görə, beynəlxalq marşrutlarda qiymətlər İsveçrə frankının yerli məzənnəyə nisbəti əsasında formalaşır və məzənnə dəyişikliklərinə uyğun olaraq yenilənir. Bakı–Tbilisi–Bakı reysi üzrə tariflər də Gürcüstan tərəfi ilə hesablaşmalar çərçivəsində müəyyən edilir.
Qeyd olunub ki, beynəlxalq marşrutlarda qatarın keçdiyi hər bir ölkə tarifə öz əmsalını tətbiq edir. Bununla yanaşı, texniki xidmət, lokomotiv və vaqon istismarı, servis və digər əməliyyat xərcləri də qiymətlərə təsir göstərir.
Bildirilib ki, həftə sonları, bayram günləri və yer seçimi kimi amillər də biletlərin qiymətinə təsir edən faktorlardandır.
Açıqlamada vurğulanıb ki, pandemiyadan sonra qlobal nəqliyyat sektorunda ciddi qiymət artımları müşahidə olunub. 2019–2025-ci illər ərzində beynəlxalq sərnişin biletlərinin qiymətləri orta hesabla 110 faiz artıb.
Enerji resurslarının bahalaşması, yüksək inflyasiya, təchizat zəncirində yaranan problemlər, texniki xidmət və ehtiyat hissələrinin qiymətindəki artım əsas səbəblər kimi göstərilib.
Məlumata görə, dizel yanacağının qiyməti 0,60 manatdan 1,10 manata yüksəlib, qeyri-əhali istehlakçıları üçün elektrik enerjisi tarifi isə 40 faiz artıb. Minimum aylıq əməkhaqqının 180 manatdan 400 manata çatdığı da qeyd olunub.
ADY həmçinin bildirib ki, əvvəllər marşrut üzrə köhnə tipli vaqonlardan istifadə olunsa da, hazırda sərnişinlərə “Stadler” markalı müasir yataq tipli vaqonlar təqdim edilir.
Qeyd edilib ki, bu vaqonların texniki baxışı və təmiri “Stadler Rail Group” ilə bağlanmış müqavilə əsasında həyata keçirilir və qlobal inflyasiya fonunda texniki xərclər də artıb.
Açıqlamaya əsasən, bütün bu amillər nəticəsində beynəlxalq qatar biletlərinin maya dəyəri 2019-cu illə müqayisədə iki dəfədən çox yüksəlib.













