Müəllimi güllələyən şagirdin valideynləri DANIŞDI - Anası göz yaşlarını saxlaya bilmədi - YENİLƏNİB

 13:58 05.06.2026     1182

“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin cinayət işi üzrə keçirilən ilk məhkəmə hazırlıq iclası təxirə salınıb.

Redaktor.az xəbər verir ki, buna səbəb təqsirləndirilən yeniyetmənin müdafiəçisinin prosesdə iştirak etməməsi olub.

Vəkil olmasa da, təqsirləndirilən şagirdin valideynləri məhkəməyə gəlib. Qanuni nümayəndə qismində şagirdin anası Z.Şirinova tanınıb. Sədrlik edən hakim həm yeniyetməyə, həm qanuni nümayəndəyə bütün hüquq və vəzifələrini izah edib. Vəkil iştirak etmədiyindən iclas 17 iyuna kimi başqa tarixə salınıb.

Məhkəmə prosesindən sonra təqsirləndirilən yeniyetmənin valideynləri ilk dəfə olaraq “Qafqazinfo”nun əməkdaşının suallarını cavablandırıblar. Şagirdin atası Samir Şirinovun sözlərinə görə, oğlunun belə bir hadisə törədəcəyi heç vaxt ağıllarına gəlməzdi: “Ondan heç vaxt belə bir hərəkət gözləməzdik. Üç övladım var, onlardan ikisi ali təhsil alır. Bu da dərslərində uğurlu idi, təhsilini ingilis dilində alırdı. Müəllimi ilə arasında prinsipial münasibət olması, əvvəlcədən ona qarşı kin bəsləməsi və digər deyilənlər yalandır. Hadisə gözlənilmədən baş verib. Hamımız şokdayıq. İndi də hər şey məhkəmə araşdırmasının nəticəsindən asılıdır”.

Samir Şirinov cinayət işinin istintaqı çərçivəsində özünün də ifadə verdiyini təsdiqləyib: “Bəli, mən də prokurorluqda dindirilmişəm. Hazırda hadisədə istifadə olunan silahın necə saxlanılması və digər hallarla bağlı araşdırmalar davam edir. Görək necə olacaq”.

Yeniyetmənin anası Z.Şirinova həyat yoldaşı kimi oğlunun sakit, tərbiyəli və ağıllı uşaq olduğunu deyib. Ana övladı barədə danışarkən göz yaşlarını saxlaya bilməyib, sadəcə ailənin baş verənlərdən dərin sarsıntı keçirdiyini əlavə edib.

Xatırladaq ki, hadisə bu ilin fevralında Bakıda yerləşən “İdrak” liseyində baş verib. 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngi ilə təhsil aldığı məktəbə gələrək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Ağır yaralanan müəllimin həyatını xilas etmək mümkün olub, sonradan o, şagirdi bağışlayıb.

Şagird hazırda Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

***

"İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən şagirdin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Redaktor.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi kimi anası Z.Şirinzadə tanınıb.

İclasda təqsirləndirilən şəxsin vəkili və zərərçəkən iştirak etmədiyinə görə proses iyunun 17-nə təxirə salınıb.

Xatırladaq ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.

Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb (Teleqraf).

Vumart və Güvən reklamı Vumart Güvən