"Kitabxana sahəsində yalnız ali təhsilli şəxslər çalışmalıdır" - Adil Kərimli

 12:46 10.06.2026     704

Kitabxana sahəsində yalnız ali təhsilli şəxslərin fəaliyyətə cəlb olunması əsas hədəflərdən biridir.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsində keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə mədəniyyət naziri Adil Kərimli deyib.

Nazir bildirib ki, hazırda kitabxana sistemində peşəkarlığı sual doğuran və bu sahəyə kifayət qədər bələd olmayan şəxslərin də fəaliyyət göstərməsi müşahidə olunur.

“Bu, təəssüf doğuran haldır. Bununla yanaşı, çox peşəkar, bu sahəyə fədakarlıqla bağlı olan kitabxanaçılarımız da var”, – deyə nazir vurğulayıb.

Adil Kərimli qeyd edib ki, xüsusilə ucqar rayonlarda çalışan kitabxanaçılar böyük çətinliklərə baxmayaraq, kitab və oxu mədəniyyətinin inkişafına töhfə verirlər.

“Belə şəraitdə işləyən kitabxanaçılarımız var ki, onları görəndə qürur duyuruq. Onlar kitaba olan sevgini və bu sahəyə xidmət missiyasını davam etdirirlər”, – nazir əlavə edib.

O, həmçinin kitabxanaçıların iş şəraitinin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb və mövcud infrastruktur problemlərini diqqətə çatdırıb.

“İnfrastrukturun zəifliyi və ya ümumiyyətlə standartlara uyğun olmaması ciddi problemdir”, – deyə Adil Kərimli bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən