Bu il 1000-ə yaxın kitabxanaçı attestasiyadan keçiriləcək - Nazir AÇIQLADI
Attestasiyadan keçməyən kitabxana əməkdaşları ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsində keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə mədəniyyət naziri Adil Kərimli deyib.
Nazir bildirib ki, kitabxana sistemində aparılan islahatların əsas məqsədi daha peşəkar, keyfiyyətli və dayanıqlı xidmətlərin formalaşdırılmasıdır. Onun sözlərinə görə, bu istiqamətdə həm əməkdaşların sosial təminatı, həm də onların peşə hazırlığının artırılması üzrə işlər görülür.
Adil Kərimli qeyd edib ki, kadrların qiymətləndirilməsi məqsədilə attestasiyaların keçirilməsi nəzərdə tutulur. Bu il informasiya texnologiyaları sahəsində çalışan təxminən 1000 kitabxana əməkdaşının attestasiyadan keçirilməsi planlaşdırılır.
Nazirin sözlərinə görə, növbəti mərhələdə kitabxanaçı, fond mühafizəçisi və digər vəzifələrdə çalışan əməkdaşlar da qiymətləndirməyə cəlb olunacaqlar.
“Attestasiyanın nəticələrinə əsasən, vəzifəsinə uyğun və peşəkar hesab olunan şəxslər fəaliyyətlərini davam etdirəcək və yeni sistemlərə inteqrasiya olunacaqlar”, – deyə nazir vurğulayıb.
Adil Kərimli əlavə edib ki, uyğun olmayan və zəruri bilik və ixtisasa malik olmayan şəxslərlə bağlı qanunvericilikdə nəzərdə tutulan sosial təminat mexanizmləri tətbiq ediləcək.
Onun sözlərinə görə, həmin şəxslərin digər işlərlə təmin olunması və məşğulluq məsələlərinin həlli aidiyyəti dövlət qurumları ilə birgə həyata keçiriləcək.
Nazir vurğulayıb ki, bütün proses sosial həssaslıq nəzərə alınmaqla aparılacaq və qərarlar qanunvericiliyə uyğun şəkildə veriləcək.













