Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamı

 14:55 10.06.2026     458

Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ümummilli Lideri Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.

Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra qısa müddət ərzində istər milli müstəqilliyimizin qorunub saxlanılması, istərsə də müstəqil dövlət quruculuğu yönündə aparılan məqsədyönlü siyasət və onun mühüm tarixi əhəmiyyət daşıyan nəticələri xalqımız tərəfindən yüksək qiymətləndirildi. Milli Məclisin 27 iyun 1997-ci il tarixli qərarı ilə 15 iyun günü Azərbaycan xalqının Milli Qurtuluş günü elan edildi.

Tam əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin müdrikliyi sayəsində müharibə qabiliyyətli milli ordumuz yaradılıb. Xalqımızın döyüşkənliyinə, qəhrəmanlıq ənənələrinə istinadla yaradılmış ordumuzun varlığı isə dahi lider Heydər Əliyev demişkən, “Azərbaycan xalqının böyük milli nailiyyətidir”. Buradan da göründüyü kimi, Heydər Əliyev hakimiyyətə başladığı ilk gündə Azərbaycanda güclü ordu hissələrinin yaranmasına xüsusi diqqət yetirmişdir.

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Onun məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi fikir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik” demişdir.

Ulu Öndərin bu arzusu 27 ildən sonra reallaşdı. Prezident İlham Əliyevin adı Ulu Öndərin siyasi məktəbinin layiqli davamçısı kimi tarixə Qalib Sərkərdə olaraq əbədi həkk edildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu cəmi 44 günə düşmən işğalında olan torpaqlarımızı azad etdi.

Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Vumart və Güvən reklamı Vumart Güvən