Ordu quruculuğu strategiyası!
Hər birimizə məlum olduğu kimi, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.
Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən, yeni məzmun və ideyalarla zənginləşdirən Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində dərin islahatlar, genişmiqyaslı təlimlər həyata keçirildi və hərbi qulluqçuların peşəkarlığının artırılması, Azərbaycan Ordusunun şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Zəfərlə nəticələnən Vətən müharibəsindən, eləcə də antiterror əməliyyatı da daxil olmaqla, postmüharibə dövründə aparılan əməliyyatlardan illər keçsə də, bu mövzuya maraq səngiməyəcək, qazandığımız qələbələr və nail olduğumuz uğurlar öz tarixi əhəmiyyətini itirməyəcəkdir. Silahlı Qüvvələrimizin döyüş əməliyyatları bu gün də dünyanın bir çox hərbi elm mərkəzləri, hərbi ekspertlər və analitiklər tərəfindən təhlil edilməkdədir.
Vətən müharibəsinin başlamasının beşinci ildönümündə 2020-ci ilin sentyabr–noyabrında baş verən tarixi proseslərdən danışarkən səmimi olaraq qeyd etmək istəyirik ki, tarixi Zəfərlə nəticələnən Milli Strategiyamızda Ali Baş Komandan faktoru həlledici rol oynayıb. İyirmi illik gərgin və qətiyyətli fəaliyyəti dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev etimadı, inamı doğrultdu, xalqın sevgisini qazandı. Yüksək intellekti, praqmatik düşüncələri, enerjisi, təşəbbüskarlığı, müasir dünya siyasəti, diplomatiya və iqtisadiyyatla bağlı dərin bilikləri sayəsində xalqı dəmir yumruq kimi sıx birləşdirməyə nail olmaqla, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı naminə nəhəng işlər gördü. Dünyaya sübut etdi ki, xalqı ətrafında birləşdirərək, həmrəyliyə nail olub, ölkəsini uğurlara, zəfərlərə, nurlu sabahlara aparmağa qadir rəhbər, şəxsiyyət, lider və Müzəffər Ali Baş Komandandır. Xalqın dəstəyi ilə Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin sona çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri uğurla reallaşdırdı, torpaqlarımızın işğaldan azad edilməsinə, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpasına nail oldu.
Vətən müharibəsində Zəfərimiz Ali Baş Komandan cənab İlham Əliyevin şah əsəri, Azərbaycan tarixinin ən möhtəşəm abidəsidir.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini













