İsrail "erməni soyqırımı"nı tanıyarsa, Türkiyəni nə gözləyir? - Hüquqşünas yazır
Son günlər İsrailin 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıması ehtimalı yenidən beynəlxalq gündəmin diqqət mərkəzinə çevrilib. Məsələ təkcə Ankara–Təl-Əviv münasibətlərinə mümkün təsirləri ilə deyil, həm də beynəlxalq hüquqi aspektdən doğura biləcəyi nəticələr baxımından geniş müzakirə olunur. Belə bir qərarın qəbul edilməsi Türkiyə üçün hansı hüquqi nəticələr yarada bilər? Dövlətin siyasi xarakter daşıyan tanınma aktı beynəlxalq hüquq müstəvisində hansı hüquqi əhəmiyyətə malikdir? Ümumiyyətlə, dövlətlərin parlament və ya hökumət səviyyəsində qəbul etdikləri siyasi tanınma qərarları ilə beynəlxalq məhkəmələrin hüquqi baxımdan məcburi qüvvəyə malik qərarları arasında hansı əsas fərqlər mövcuddur?
İlk növbədə qeyd etmək istərdim ki, "soyqırımı" anlayışı beynəlxalq hüquqda BMT-nin 1948-ci il "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyası ilə müəyyən edilir. Hüquqi baxımdan soyqırımı cinayətinin mövcudluğu üçün təkcə kütləvi mülki itkilərin və ya genişmiqyaslı zorakılıq aktlarının baş verməsi kifayət etmir. Bununla yanaşı, həmin əməllərin milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək məqsədi ilə, yəni xüsusi niyyətlə törədildiyi də sübuta yetirilməlidir. Məhz bu xüsusi niyyətin mövcudluğunun sübut edilməsi soyqırımı cinayətinin hüquqi kvalifikasiyasında ən mürəkkəb və həlledici element hesab olunur.
Bu hüquqi meyarların mövcudluğu onu göstərir ki, hər hansı hadisənin "soyqırımı" kimi qiymətləndirilməsi yalnız siyasi bəyanat və ya parlament qərarı ilə deyil, müvafiq hüquqi prosedurlar çərçivəsində həyata keçirilməlidir. Beynəlxalq hüquqda dövlətin soyqırımı cinayətinə görə məsuliyyətinin müəyyən edilməsi səlahiyyəti əsasən beynəlxalq məhkəmələrə, xüsusilə Beynəlxalq Ədalət Məhkəməsinə məxsusdur. Belə məhkəmələrin qəbul etdiyi qərarlar hüquqi xarakter daşıyır və məhkəmənin yurisdiksiyasını qəbul etmiş tərəflər üçün məcburi qüvvəyə malik olur.
Bunun əksinə olaraq, dövlətlərin parlamentləri və ya hökumətləri tərəfindən qəbul edilən "soyqırımının tanınması" haqqında qərarlar, bir qayda olaraq, siyasi xarakter daşıyır. Bu cür aktlar beynəlxalq hüquq baxımından dövlətin hüquqi məsuliyyətini müəyyən etmir, beynəlxalq məhkəmə hökmünü əvəz etmir və öz-özlüyündə hüquqi öhdəlik və ya təzminat məsuliyyəti yaratmır. Bununla belə, belə qərarlar beynəlxalq münasibətlərdə siyasi mesaj, diplomatik təzyiq vasitəsi və dövlətlərin rəsmi mövqeyinin ifadəsi kimi mühüm siyasi əhəmiyyət kəsb edə bilər.
Məhz bu səbəbdən hər hansı dövlətin soyqırımı cinayətinə görə məsuliyyət daşıyıb-daşımadığını hüquqi baxımdan qəti şəkildə müəyyən etmək səlahiyyəti əsasən Beynəlxalq Ədalət Məhkəməsinə məxsusdur. Məhkəmə dövlətlərin beynəlxalq hüquqi məsuliyyətini Konvensiyanın tələbləri, təqdim olunan sübutlar və beynəlxalq hüququn müəyyən etdiyi meyarlar əsasında qiymətləndirir.
Bu baxımdan hazırda Cənubi Afrika Respublikasının İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddia işi aktual nümunə hesab oluna bilər. Cənubi Afrika 29 dekabr 2023-cü ildə BMT-nin "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasına əsaslanaraq İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatların Konvensiyanı pozduğunu iddia edib və Məhkəmədən müvəqqəti tədbirlərin tətbiqini tələb edib.
İşə baxılması zamanı Beynəlxalq Ədalət Məhkəməsi 2024-cü ildə bir neçə dəfə müvəqqəti tədbirlər barədə qərarlar qəbul edib. Məhkəmə İsrailə Soyqırımı Konvensiyası üzrə öhdəliklərinə əməl etməyi, soyqırımına təhrikin qarşısını almağı, humanitar yardımın Qəzzaya çatdırılması üçün şərait yaratmağı və görülən tədbirlər barədə hesabat təqdim etməyi tapşırıb. Lakin Məhkəmə indiyədək İsrailin soyqırımı törətdiyi barədə yekun hüquqi nəticəyə gəlməyib. Çünki müvəqqəti tədbirlər haqqında qərarlar işin mahiyyəti üzrə yekun hökm hesab edilmir və yalnız yekun qərar qəbul edilənədək tərəflərin hüquqlarının qorunmasına xidmət edir. Bu nümunə bir daha göstərir ki, soyqırımı iddiasının hüquqi baxımdan təsdiqlənməsi yalnız beynəlxalq məhkəmə araşdırması, sübutların qiymətləndirilməsi və hüquqi meyarların tətbiqi nəticəsində mümkündür. Məhz bu məqam 1915-ci il hadisələri ilə bağlı müzakirələrin hüquqi mahiyyətini qiymətləndirmək baxımından da xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən, əgər İsrail gələcəkdə 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan siyasi qərar qəbul etsə, bu, beynəlxalq hüquq baxımından Türkiyənin soyqırımı törətmiş dövlət kimi hüquqi məsuliyyət daşıdığı anlamına gəlməyəcək. Belə bir qərar beynəlxalq məhkəmənin hüquqi hökmünü əvəz etmir, dövlət məsuliyyətini müəyyən etmir və öz-özlüyündə hüquqi öhdəlik və ya təzminat məsuliyyəti yaratmır. Lakin belə tanınmalar beynəlxalq münasibətlərdə siyasi və diplomatik təsir vasitəsi kimi istifadə oluna bilər.
Məhz bu səbəbdən İsrail tərəfindən mümkün tanınma qərarı hüquqi nəticələrdən daha çox siyasi və geosiyasi təsirlər doğura bilər. Belə bir addım onsuz da həssas mərhələdə olan Türkiyə–Ermənistan normallaşma prosesinə mənfi təsir göstərə, tərəflər arasında diplomatik gərginliyi artıra və Ermənistanın bu cür tanınmaları beynəlxalq platformalarda əlavə siyasi arqument kimi irəli sürməsinə zəmin yarada bilər. Bu isə qarşılıqlı etimadın möhkəmlənməsini çətinləşdirərək normallaşma prosesinin dinamikasına mənfi təsir göstərə bilər.
Eyni zamanda, İsrail tərəfindən belə bir məsələnin yenidən gündəmə gətirilməsi hüquqi deyil, daha çox siyasi və geosiyasi kontekstdə qiymətləndirilə bilər. Son dövrlərdə Ankara ilə Təl-Əviv arasında Qəzza müharibəsi fonunda münasibətlərin kəskinləşməsi nəzərə alınarsa, belə bir addım Türkiyəyə diplomatik mesaj vermək, Ankara üzərində siyasi təzyiq imkanlarını genişləndirmək və ikitərəfli münasibətlərdə əlavə təsir rıçağı əldə etmək cəhdi kimi də şərh oluna bilər. Bununla yanaşı, bu yanaşmalar hüquqi deyil, siyasi təhlil xarakteri daşıyır və İsrail tərəfindən rəsmi şəkildə bəyan edilmiş məqsədlər kimi qəbul edilə bilməz.
Nəticə etibarilə, İsrailin 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıması beynəlxalq hüquq baxımından Türkiyə üçün avtomatik hüquqi məsuliyyət yaratmır. Belə bir addımın əsas nəticələri hüquqi müstəvidən daha çox siyasi, diplomatik və geosiyasi xarakter daşıyır. Bununla belə, bu cür qərarlar Türkiyə–İsrail münasibətlərində gərginliyi dərinləşdirə, Türkiyə–Ermənistan normallaşma prosesinə mənfi təsir göstərə və regionda onsuz da həssas olan siyasi balansın daha da mürəkkəbləşməsinə səbəb ola bilər.
Əlövsət Allahverdiyev,
hüquq üzrə fəlsəfə doktoru, dosent,
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin müəllimi













