ADY “Kitab Dayanacağı” layihəsinə start verdi - VİDEO

 12:48 01.07.2026     1659

Azərbaycan Dəmir Yolları (ADY) Bakı Dəmiryol Vağzalının gözləmə zalında sərnişinlər üçün yeni mədəni təşəbbüs – “Kitab Dayanacağı” layihəsini istifadəyə verib.

Redaktor.az xəbər verir ki, layihənin məqsədi sərnişinlərin gözləmə və səfər vaxtını daha səmərəli, maraqlı və mənalı keçirməsinə şərait yaratmaqdır. “Kitab Dayanacağı” vasitəsilə müxtəlif dillərdə və fərqli janrlarda kitablar sərnişinlərin istifadəsinə verilir.

Layihədən istifadə qaydası olduqca sadədir: sərnişinlər rəfdə yerləşdirilən kitablar arasından istədiklərini seçib qeydiyyatsız və ödənişsiz şəkildə götürə bilərlər. Kitablar həm vağzalın gözləmə zalında, həm də səfər zamanı oxuna bilər. Oxunuşdan sonra kitablar yenidən “Kitab Dayanacağı”na və ya qatarlarda bələdçilərə qaytarılır.

ADY bildirir ki, sərnişinlər yalnız istifadəçi deyil, həm də layihənin bir hissəsi ola bilərlər. Oxuduqları və tövsiyə etdikləri kitabları Bakı Dəmiryol Vağzalında yerləşən Məlumat Mərkəzinə təhvil verməklə “Kitab Dayanacağı”nın zənginləşdirilməsinə töhfə vermək mümkündür.

Təşəbbüsün əsas ideyası kitabların paylaşılması və daha çox insanın oxu mədəniyyətinə cəlb olunmasıdır.

Layihə ilə bağlı ADY sərnişinləri kitabları qorumağa və növbəti oxucular üçün əlçatan saxlamağa çağırır: “Gəlin “Kitab Dayanacağı”nı birlikdə yaşadaq, kitabları qoruyaraq növbəti oxuculara ötürək.”

Azərbaycan Dəmir Yolları tərəfindən həyata keçirilən layihə Bakı Dəmiryol Vağzalında artıq sərnişinlərin istifadəsinə verilib.

Vumart və Güvən reklamı Vumart Güvən