Polkovnik Cəlil Xəlilov Qəbələdə veteranlarla görüşüb, rayon təşkilatına yeni sədr SEÇİLDİ
Polkovnik Cəlil Xəlilov Qəbələdə veteranlarla görüşüb, rayon təşkilatına yeni sədr seçilib.
Redaktor.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 1 iyul 2026-cı il tarixində Qəbələ rayonuna səfər edib, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qəbələ Rayon Şöbəsində veteranlarla görüşüb.
Görüşdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, SHXÇDX-nin Qəbələ Rayon Şöbəsinin rəisi polkovnik-leytenant Lətif Heydərov, rayon ağsaqqalları, müharibə və əmək veteranları iştirak edib.
Görüşdə Azərbaycan dövlətinin veteran və şəhid ailələrinə olan qayğısından bəhs edən polkovnik Cəlil Xəlilov, Qəbələdə yerli icra orqanlarının da bu məsələyə xüsusi həssaslıqla yanaşdığını bildirib, buna görə rayon rəhbərliyinə təşəkkür edib.
Tədbir əsnasında əmək veteranı Məzahir Şabanov yekdilliklə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qəbələ Rayon Şöbəsinin sədri seçilib. Yeni sədrə fəaliyyətində uğurlar arzulayan polkovnik Cəlil Xəlilov, tədbir iştirakçılarını maraqlandıran suallara cavab verib, respublikamızın inkişafı və tərəqqisi naminə veteranların bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşməsinin vacibliyini vurğulayıb.















