"Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır"
2026-cı il iyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Bakıda keçirilən görüşdən sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər. Bəyanatlar Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirməklə yanaşı, regional sülh, enerji təhlükəsizliyi, nəqliyyat, rəqəmsal bağlantı və yaşıl keçid sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm mesajlar verib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan uzun illərdir Avropa üçün etibarlı enerji tərəfdaşıdır və ölkə təbii qazın fasiləsiz tədarükünü təmin etməklə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. O qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayır və Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib.Azərbaycan artıq enerji əməkdaşlığını yalnız neft və qazla məhdudlaşdırmır. Ölkədə bərpa olunan enerji layihələri sürətlə inkişaf etdirilir, Xəzər dənizinin zəngin külək potensialından istifadə istiqamətində iri layihələr həyata keçirilir və gələcəkdə yaşıl elektrik enerjisinin Avropaya ixracı nəzərdə tutulur. Bu istiqamətdə həyata keçirilən təşəbbüslər həm Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə, həm də Avropanın yaşıl keçid strategiyasına töhfə verəcək.
Prezident İlham Əliyev çıxışında regionda sülh gündəliyinə də toxunaraq bildirib ki, Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması iqtisadi əməkdaşlıq və regional inteqrasiya üçün geniş imkanlar yaradır. O vurğulayıb ki, sülh şəraitində nəqliyyat dəhlizlərinin inkişafı, ticarət əlaqələrinin genişlənməsi və qarşılıqlı investisiyaların artması bütün region ölkələrinin rifahına xidmət edəcək.
Birgə mətbuat bəyanatları göstərdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər artıq yalnız enerji sahəsi ilə məhdudlaşmır. Tərəflər regional bağlantı, rəqəmsal transformasiya, yaşıl enerji, nəqliyyat, ticarət, investisiya və davamlı inkişaf kimi geniş sahələrdə uzunmüddətli əməkdaşlıq niyyətini ortaya qoyublar.
Bakıda səsləndirilən mesajlar Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə daxil olduğunu təsdiqlədi. Qarşılıqlı etimad, ortaq maraqlar və regional sabitlik prinsiplərinə əsaslanan bu tərəfdaşlığın gələcək illərdə həm Cənubi Qafqazın inkişafına, həm də Avropanın enerji və nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verəcəyi gözlənilir.
Füzuli Abdullayev,
YAP Ağsu rayon təşkilatının sədri












