“Qoyun-quzunu limuzində daşımalıdırlar?!”
Azərbaycanda heyvanların daşınması ilə bağlı yeni tələblər tətbiq ediləcək. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır.
Redaktor.az xəbər verir ki, sözügedən qərar müzakirələrə səbəb olub. Bir qisim bu yeniliyin antisanitar vəziyyətin qarşısını almağa kömək edəcəyini desə də, digərləri yeni qərarı sahibkarlara maneə kimi qiymətləndiriblər.
REAL Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli də məsələyə münasibət bildirib. Onun sözlərinə görə, belə qərarlar qiymətləri artırır. İqtisadçı qurumu iş adamlarını məhdudlaşdırmaqda ittiham edib: “Qoyun-quzunu limuzində daşımalıdırlar?! Dədə-babalarımız arabalarda daşıyıblar, nəsə olub o heyvanlara?!”
N.Cəfərli bu tipli qərarların gələcəkdə iqtisadi daralmanı sürətləndirəcəyini düşünür: “Belə qərarlar ancaq qiymətləri artırır, biznes əlavə xərci qiymətin üzərinə gəlir - yəni, AQTA bu qərarla zatən sürətlə artan ət qiymətlərini yenə bahalaşdırır”.













