Saxta video və fotolar uşaqları hədəfə alır - Arzu Nağıyev

 15:45 09.07.2026     247

Sosial şəbəkələrdə təhqir, alçaldıcı rəylər, təhdidlər və məqsədli psixoloji təzyiq uşaqların emosional sağlamlığına mənfi təsir göstərir.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev parlamentdə keçirilən "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.

O qeyd edib ki, bir çox hallarda kibertəzyiq uşaqlarda özünəinamın azalmasına, sosial təcridə, depressiyaya və hətta daha ağır psixoloji nəticələrə səbəb ola bilir:

"Zərərli və yaşa uyğun olmayan məzmunun əlçatanlıq şiddət, nifrət nitqi, dezinformasiya, manipulyativ reklamlar və digər uyğun olmayan materiallar uşaqların psixoloji inkişafına mənfi təsir göstərə bilər. Bundan əlavə, şəxsi məlumatların təhlükəsizliyi də ciddi məsələdir. Uşaqlar çox vaxt şəxsi məlumatlarını, şəkillərini və yerləşdikləri məkanı düşünmədən paylaşırlar. Bu isə kibercinayətkarlar tərəfindən saxta hesabların yaradılması, dələduzluq və digər qanunsuz fəaliyyətlər üçün istifadə oluna bilər. Saxta foto, video və səs yazıları hazırlayan texnologiyalar, avtomatik yaradılan manipulyativ məzmun və saxta profillər uşaqların doğru məlumatı yanlış məlumatdan ayırmasını çətinləşdirə bilər".

Komitə sədrinin fikrincə, problemlərin həlli yalnız bir qurumun üzərinə düşmür:

"Burada dövlət, məktəb, ailə, texnologiya şirkətləri və vətəndaş cəmiyyəti birlikdə fəaliyyət göstərməlidir. Valideynlər uşaqların rəqəmsal həyatında fəal iştirak etməli, onlarla açıq dialoq qurmalı, internetdən təhlükəsiz istifadə qaydalarını izah etməli və onlayn fəaliyyətlərinə maraq göstərməlidirlər. Nəzarət yalnız məhdudlaşdırmaq deyil, həm də etibar və maarifləndirmə üzərində qurulmalıdır. Məktəblərdə kibertəhlükəsizlik mövzularına daha geniş yer verilməlidir. Şagirdlər yalnız kompüterdən istifadə etməyi deyil, həm də məlumatın doğruluğunu yoxlamağı, şəxsi məlumatlarını qorumağı, sosial şəbəkələrdə etik davranmağı və internet risklərini tanımağı öyrənməlidirlər. Sosial şəbəkə platformaları isə süni intellektdən istifadə etməklə zərərli məzmunun daha operativ aşkarlanmasını, uşaqlar üçün təhlükəsizlik funksiyalarının təkmilləşdirilməsini təmin etməlidirlər" (Report).

Vumart və Güvən reklamı Vumart Güvən