"Təhlükəsiz mobilliyə doğru” adlı konfrans keçirildi - FOTO
“Toyota Qafqaz” və avtosfer.az-ın tərəfdaşlığı ilə 13 iyulda “Hyatt Regency Baku” hoteldə “Təhlükəsiz mobilliyə doğru” adlı konfrans keçirilib.
Redaktor.az xəbər verir ki, konfrans Dövlət Gömrük Komitəsi, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Vergi Xidməti, Dövlət Yol Polisi, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, İcbari Sığorta Bürosunun nümayənələri ilə baş tutub.
Tədbirin əsas mövzusu avtomobillərdə təhlükəsizliyin təminatı olub. Tədbirin əsas ideyası yol hərəkəti təhlükəsizliyinin əsas elementi olan nəqliyyat vasitələrinin sazlığı, sürücülərin nəqliyyat vasitələrinə qarşı münasibətini öyrənmək və onları məlumatlandırmaqdır. Region üçün uyğun olmayan avtomobil modelləri, qeyri-orijinal ehtiyat hissələri və onların yaratdığı risklər dövlət qurumları və ictimaiyyət nümayəndələri vasitəsilə sürücülərə çatdırılıb.
Konfransı keçirməkdə məqsəd regiona uyğun olmayan, “boz bazarda” zamanətsiz satılan nəqliyyat vasitələrinin vətəndaşlara və rəsmi dilelərə vurduğu zərərlərlə bağlı dövlət qurumları və mütəxəssislər vasitəsilə cəmiyyəti maarifləndirməkdir.
Tədbirdə çıxış edən aidiyyəti qurumların nümayəndələri ilə qeyri-orijinal ehtiyat hissələrinin bazarda yaratdığı qeyri-sağlam rəqabət və zəmanətsiz satılan nəqliyyat vasitələri ilə vətəndaşların üzləşdiyi problemlər, belə ehtiyat hissələrinin bazara yol açmasının əsas səbəbləri və buna qarşı mübarizə tədbirləri, təhlükəsizlik elementləri aşağı səviyyədə olan avtomobillərin iştirakı ilə baş verən hadisələr, texniki nasazlıq ucbatından yaranan qəzaların sığorta şirkətləri üçün yaratdığı çətinliklər, eləcə də qeyri-rəsmi şəbəkələr vasitəsilə satılan maşınları alanların üzləşdiyi problemlərlə bağlı müzakirələr aparılıb.



















