Ağsuda “14 iyul Azərbaycanın inkişaf yolunun başlanğıcı” adlı tədbir keçirildi - FOTO
Şəhərsalma və Memarlıq ili çərçivəsində 13 iyul 2026-cı il tarixində Ağsu rayonu Heydər Əliyev Mərkəzində “14 iyul Azərbaycanın inkişaf yolunun başlanğıcı” adlı tədbir keçirilib.
Redaktor.az xəbər verir ki, tədbirdə YAP Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev, Ağsu rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Umud Cavid, Ağsu rayon Ağsaqqallar Şurasının və Veteranlar cəmiyyətinin sədrləri, Ağsu rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Ağsu rayonu GİS-nun nümayəndələri, partiya veteranları və partiya üzvləri iştirak ediblər.
Tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildi.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən videofilm nümayiş etdirilib.
Tədbirdə YAP Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev, Ağsu rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Umud Cavid, Ağsu rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov, Ağsu rayonu GİS-nun baş məsləhətçisi Məhəmmədhüseyn Təhmasib, Ağsu rayonu Heydər Əliyev Mərkəzinin əməkdaşı İlahə Usubəliyeva, partiya veteranları Tahir Xası və İslam Bəhrəmov çıxış edərək bildiriblər ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna özəlliyi var. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin Azərbaycan SSRİ-na rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.
Natiqlər qeyd ediblər ki, “Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır və İlham Əliyev təkcə Prezident kimi deyil, həm də bir oğul kimi də öz üzərinə böyük məsuliyyət götürərək həm ata vəsiyyətini, həm də Prezident andını yerinə yetirdi.”





























