"Bu gün Azərbaycanın regional məsələlərdə rolu təbii olaraq artır"
İyul ayının 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev forumun açılış mərasimində iştirak edib və forum iştirakçılarının suallarını cavablandırıb.
Ölkə başçısının Forumdakı çıxışı Azərbaycanın xarici siyasətinin cari prioritetlərini və ölkəmizin beynəlxalq sistemdə özünü necə mövqeləndirdiyini əks etdirən strateji bir çıxış idi. Cənab Prezidentin çıxışında qeyd etdiyi "Biz harada kömək edə biləriksə, hər zaman orada səmimi şəkildə dəstək olmuşuq" fikri Azərbaycanın xarici siyasət fəlsəfəsinin əsas mahiyyətini ifadə edir. Ölkəmiz humanitar yardım proqramları, enerji təhlükəsizliyi, nəqliyyat layihələri və beynəlxalq əməkdaşlıq təşəbbüsləri vasitəsilə bir çox dövlətlərin etibarlı tərəfdaşına çevrilib. Bu siyasətin əsasında isə dövlət başçısının da vurğuladığı kimi, etimad, səmimiyyət və dürüstlük dayanır.
Ölkə rəhbərinin diqqət çəkdiyi əsas məqamlardan biri Azərbaycanın beynəlxalq platformalarda artan roluna dair yanaşması idi. Cənab Prezident vurğuladı ki, Azərbaycan müasir beynəlxalq münasibətlərdə orta güc dövləti kimi milli maraqlarını müstəqil şəkildə qorumağı, regional proseslərə təsir göstərməyi, tərəfdaşları bir araya gətirməyi və beynəlxalq məsuliyyət daşımağı bacaran ölkədir.
Cənab Prezidentin forumdakı çıxışının ümumi məzmunu göstərir ki, Azərbaycan artıq yalnız regional proseslərdə iştirak edən dövlət deyil, həmçinin beynəlxalq gündəliyin formalaşmasına töhfə verən, müxtəlif platformalarda dialoqu təşviq edən və qlobal çağırışlara münasibət bildirən nüfuzlu bir dövlət kimi çıxış edir.
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətində yeni mərhələnin konturlarını nümayiş etdirdi. Bu baxımdan, Şuşa Qlobal Media Forumu yalnız media nümayəndələrinin görüşü deyil, həm də Azərbaycanın beynəlxalq mövqeyini, prioritetlərini və gələcəyə baxışını beynəlxalq ictimaiyyətə təqdim edən mühüm platforma kimi çıxış edir.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini













