"Beynəlxalq hüquq istənilən sülh üçün universal platformadır"
2026-cı il iyulun 13-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada IV Şuşa Qlobal Media Forumu keçirildi. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan forum dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini, ekspertləri və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirdi. Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qlobal informasiya mühitində medianın artan rolundan, beynəlxalq hüququn əhəmiyyətindən, regional təhlükəsizlik məsələlərindən və Azərbaycanın sülh gündəliyindən bəhs etdi, həmçinin yerli və xarici jurnalistlərin suallarını cavablandırdı.
Prezident İlham Əliyev çıxışında müasir dövrdə medianın yalnız informasiya ötürən vasitə olmadığını, eyni zamanda ictimai rəyin formalaşmasına, etimadın möhkəmləndirilməsinə və sülh proseslərinə təsir göstərən mühüm institut olduğunu vurğuladı. Dezinformasiyanın yaratdığı təhlükələrə diqqət çəkərək bildirdi ki, qlobal informasiya məkanında həqiqətə əsaslanan jurnalistikanın rolu getdikcə daha da artır. Süni intellekt, rəqəmsal transformasiya və sosial media platformalarının informasiya mühitinə təsirindən də bəhs edərək qeyd etdi ki, texnologiyaların sürətli inkişafı yeni imkanlarla yanaşı, yeni çağırışlar da yaradır. Onun fikrincə, media qurumları peşəkar jurnalistika prinsiplərinə sadiq qalmalı, yanlış məlumatların yayılmasının qarşısının alınması üçün beynəlxalq əməkdaşlığı gücləndirməlidirlər.
Prezidentin çıxışı zamanı regional təhlükəsizlik, postmünaqişə dövründə aparılan bərpa-quruculuq işləri əsas mövzular sırasında yer aldı. Qeyd etdi ki, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr yalnız infrastrukturun bərpasına deyil, həm də regionda dayanıqlı inkişafın və əməkdaşlığın təmin olunmasına xidmət edir. Bu proseslərin dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında beynəlxalq medianın məsuliyyətini xüsusi vurğulandı.
Dövlət başçısı bildirdi ki, Beynəlxalq hüquq istənilən sülhün universal platformasıdır. Ermənistanla müharibəmizə nəzər salsaq, biz hər zaman beynəlxalq hüququn tərəfində olmuşuq.
Forum çərçivəsində keçirilən sual-cavab sessiyası müxtəlif beynəlxalq mövzuları əhatə etdi. Prezident İlham Əliyev regional proseslər, beynəlxalq münasibətlər, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və Azərbaycanın xarici siyasət prioritetləri barədə jurnalistlərin suallarını ətraflı cavablandırdı. Bu açıq dialoq formatı forumun əsas xüsusiyyətlərindən biri kimi qiymətləndirildi.
IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də qlobal media və beynəlxalq dialoq platformalarından birinə çevrilib. Prezident İlham Əliyevin forumdakı çıxışı informasiya təhlükəsizliyi, həqiqətin qorunması və media vasitəsilə etimadın bərpası istiqamətində beynəlxalq əməkdaşlığın vacibliyini ön plana çıxardı. Bu baxımdan forum həm Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsi, həm də qlobal media əməkdaşlığının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Füzuli Abdullayev,
YAP Ağsu rayon təşkilatının sədri













