“Süni intellekt gələcəyin alətidir, təbii intellekt isə gələcəyin müəllifidir” - Səbinə Əliyeva

 17:18 17.07.2026     220

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyeva altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsində çıxış edərək müasir dövrdə insan kapitalının, süni intellektin və etik dəyərlərin əhəmiyyətindən bəhs edib.

Redaktor.az-ın məlumatına görə, ombudsman bildirib ki, dünya tarixinin ən sürətli dəyişikliklər dövrü yaşanır və texnologiyalar, peşələr, eləcə də idarəetmə modelləri sürətlə yenilənir. Bununla belə, inkişafın əsas müəllifinin insan olduğunu vurğulayıb.

"Süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalar həyatımızın bütün sahələrinə nüfuz edir, yeni imkanlar və yeni çağırışlar yaradır. İnnovasiyalarla ayaqlaşmaq artıq seçim deyil, zamanın tələbidir", – deyə S.Əliyeva qeyd edib.

O, Azərbaycanın da rəqəmsal inkişafı strateji prioritet kimi müəyyənləşdirdiyini xatırladaraq bildirib ki, bu ilin iyun ayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi dövlətin bu sahəyə verdiyi önəmin göstəricisidir.

Səbinə Əliyeva çıxışında diqqətçəkən fikirlərdən birini də səsləndirib:

"Süni intellekt gələcəyin alətidir, təbii intellekt isə gələcəyin müəllifidir. Texnologiyalar inkişafın sürətini artırır, lakin onun istiqamətini insanın zəkəsi, dəyərləri və məsuliyyəti müəyyən edir".

Ombudsman bildirib ki, texnologiyalarla ayaqlaşmaqla yanaşı, analitik düşüncə, dünyagörüşü və etik məsuliyyət hissi də daim inkişaf etdirilməlidir. Onun sözlərinə görə, "əsl yüksəliş məhz buradan başlayır".

S.Əliyeva Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis olunan "Yüksəliş" müsabiqəsinin ölkədə insan kapitalının inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

"Bu müsabiqə yalnız bilik və bacarıqların qiymətləndirilməsi deyil, həm də liderlik keyfiyyətlərinin, dövlətçilik təfəkkürünün, müasir idarəetmə mədəniyyətinin və yüksək məsuliyyət hissinin formalaşdığı mühüm inkişaf platformasıdır", – deyə ombudsman bildirib.

O, finalçıların minlərlə namizəd arasından seçilməsinin uzunmüddətli zəhmətin, özünüinkişafın və intellektual hazırlığın nəticəsi olduğunu qeyd edib.

Çıxışında liderlik anlayışına da toxunan ombudsman bildirib ki, əsl lider yalnız peşəkar biliklərlə seçilmir:

"Əsl lider insan hüquq və azadlıqlarına hörmət edən, qanunun aliliyinə sadiq qalan, etik prinsipləri rəhbər tutan, sosial məsuliyyətini dərk edən və qərar qəbul edərkən insan amilini daim diqqət mərkəzində saxlayan şəxsdir".

Səbinə Əliyeva mentorluq proqramının əhəmiyyətini də vurğulayaraq qeyd edib ki, bu proqram yalnız bilik və təcrübənin deyil, idarəçilik mədəniyyətinin, dövlətçilik ənənələrinin və etik davranış prinsiplərinin gələcək nəslə ötürülməsinə xidmət edir.

O, "Yüksəliş" müsabiqəsində mentor kimi iştirak etməsinin onun üçün həm böyük məsuliyyət, həm də qürur mənbəyi olduğunu bildirib.

Sonda ombudsman əmin olduğunu ifadə edib ki, bugünkü finalçılar gələcəkdə Azərbaycanın inkişafına istiqamət verən qərarların müəllifləri olacaq, müasir texnologiyaları insan hüquqlarına hörmət və etik dəyərlərlə uzlaşdıraraq ölkənin inkişafına mühüm töhfələr verəcəklər.

Vumart və Güvən reklamı Vumart Güvən