Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlər...
Azərbaycanın xarici siyasətinin əsasını qarşılıqlı hörmət və ehtiram, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq və bərabərhüquqlu əməkdaşlıq prinsipləri təşkil edir. Ölkəmiz bu istiqamətdə ardıcıl siyasət yürütməklə qlobal arenada etibarlı tərəfdaş kimi tanınır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici dövlətlərə səfərləri zamanı yüksək səviyyədə qarşılanması ölkəmizin dünya dövlətləri arasındakı nüfuzunun getdikcə artmasından xəbər verir. İyul ayının 21-də Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri zamanı da bunun şahidi olduq. Azərbaycan Prezidentinin rəsmi səfəri Bakı ilə Berlin arasında münasibətlərin yeni strateji mərhələyə keçidi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər zamanı keçirilən görüşlər təsdiqləyir ki, məqsəd Azərbaycan-Almaniya münasibətlərinin yalnız iqtisadi çərçivələrlə məhdudlaşmadığını, daha geniş geosiyasi və təhlükəsizlik gündəliyini əhatə etməsidir. Almaniyanın artan iqtisadi gücü və hərbi potensialı bu ölkəyə tərəfdaş ölkələrlə, həmçinin Azərbaycanla münasibətlərdə yeni transformasiya yaradır.
İki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyması əməkdaşlığın daha da genişlənəcəyini göstərir. Almaniyanın Avropanın aparıcı dövlətlərindən biri kimi Cənubi Qafqazda artan rolu Azərbaycan üçün yeni əməkdaşlıq imkanları yaradır. Almaniyanın regionda sülh prosesinə verdiyi dəstək də xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, tranzit imkanlarının genişləndirilməsi və Orta Asiya ilə Avropa arasında mühüm nəqliyyat qovşağına çevrilməsi ölkəmizin strateji mövqeyini daha da gücləndirir. Bu amillər Azərbaycan Almaniya əməkdaşlığının gələcəkdə daha geniş miqyas alacağına və regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əsas verir.
Səfər çərçivəsində Prezident İlham Əliyev və Almaniyanın Federal Kansleri Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzaladılar. Həmçinin, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalandı. Birgə Bəyannamənin imzalanması iki ölkə arasında əməkdaşlığın inkişafını yeni mərhələyə yüksəldəcək. Bu baxımdan, Almaniya ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması Azərbaycanın Avropa siyasi və iqtisadi məkanında mövqeyinin daha da möhkəmlənməsinə, Avropa İttifaqı ilə qarşılıqlı faydalı əməkdaşlığın yeni məzmun qazanmasına xidmət edən mühüm addım kimi dəyərləndirilir”
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini












