Azərbaycan və Almaniya arasında əməkdaşlığın yeni səhifəsi

 16:49 23.07.2026     654

2026-cı il iyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına rəsmi səfər etmişdir. Berlin şəhərində keçirilən səfər çərçivəsində Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Merts ilə görüşmüş, təkbətək və geniş tərkibdə danışıqlar aparılmış, həmçinin iki ölkə arasında əməkdaşlığın gələcək inkişafını nəzərdə tutan mühüm sənədlər imzalanmışdır.

Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Merts ilə keçirdiyi birgə mətbuat konfransında bildirmişdir ki, Azərbaycan və Almaniya arasında münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır. O qeyd etmişdir ki, enerji sahəsində əməkdaşlıq iki ölkənin əlaqələrinin əsas istiqamətlərindən biridir və Azərbaycan Avropanın enerji təhlükəsizliyinə etibarlı töhfə verməyə davam edir.

Dövlət başçısı həmçinin iqtisadi əməkdaşlığın genişləndirilməsi, alman şirkətlərinin Azərbaycanda fəaliyyətinin artırılması, bərpa olunan enerji layihələrinin həyata keçirilməsi və nəqliyyat dəhlizlərinin inkişafı məsələlərinə toxunmuşdur. Prezident Azərbaycanın Avropa ilə əməkdaşlığa böyük önəm verdiyini və Almaniya ilə münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyini vurğulamışdır.

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar həm Almaniya, həm də Avropa İttifaqı ilə münasibətlərdə əməkdaşlıq üçün yeni perspektivlər yaradıb. Xüsusilə Orta Dəhlizin artan əhəmiyyəti, Azərbaycanın müasir nəqliyyat və logistika infrastrukturu Avropa üçün strateji əhəmiyyət daşıyır. Almaniya Azərbaycanın Avropada əsas siyasi və iqtisadi tərəfdaşlarından biridir. Siyasi dialoqla yanaşı, enerji, sənaye, nəqliyyat, logistika, təhsil və humanitar sahələrdə əməkdaşlıq ardıcıl şəkildə inkişaf edir.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İmzalanan Birgə Bəyannamə münasibətlərin uzunmüddətli inkişafı üçün yeni yol xəritəsi müəyyən etmiş, enerji, ticarət, nəqliyyat və investisiya sahələrində əməkdaşlığın genişlənməsinə zəmin yaratmışdır.

Səfər həm də Azərbaycanın Avropa ölkələri ilə tərəfdaşlıq siyasətinin davamlı xarakter daşıdığını və Almaniyanın bu əməkdaşlıqda xüsusi yer tutduğunu nümayiş etdirmişdir.

Keçirilən yüksək səviyyəli görüşlər, imzalanan strateji sənədlər və mətbuata verilən bəyanatlar göstərir ki, tərəflər siyasi dialoqu, iqtisadi tərəfdaşlığı və enerji əməkdaşlığını daha da genişləndirmək niyyətindədirlər. Bu səfər gələcəkdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına mühüm töhfə verəcəkdir.

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri

Vumart və Güvən reklamı Vumart Güvən