"Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir..."

 17:12 12.08.2026     680

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Prezident müsahibəsində xüsusilə Naxçıvanda hərbi potensialın gündən-günə gücləndirildiyini və bundan sonra da gücləndiriləcəyini bildirib.

Azərbaycanın müasir dövlətçilik tarixində ordu quruculuğu xüsusi əhəmiyyət daşıyır. Uzun illər ərzində həyata keçirilən hərbi islahatlar, ordunun maddi-texniki bazasının yenilənməsi, şəxsi heyətin peşəkarlığının artırılması və müasir döyüş texnologiyalarının tətbiqi Azərbaycanın müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub. Azərbaycan artıq regionda baş verən prosesləri yalnız izləyən deyil, öz milli maraqları çərçivəsində onlara təsir göstərə bilən dövlət kimi çıxış edir.

Azərbaycanın əsas ərazisindən coğrafi baxımdan ayrı yerləşən Naxçıvan həm ölkənin milli təhlükəsizliyi, həm də regional geosiyasi proseslər baxımından xüsusi əhəmiyyət daşıyır. Prezidentin sözlərinə görə, burada hərbi potensialın gücləndirilməsi davam etdiriləcək. Bu yanaşma Naxçıvanın müdafiə imkanlarının Azərbaycanın ümumi təhlükəsizlik strategiyasının mühüm hissəsi olaraq nəzərdən keçirildiyini göstərir.

Müasir beynəlxalq münasibətlərdə dövlətin gücü bir neçə komponentin vəhdətindən yaranır: iqtisadi imkanlar, diplomatik təsir, enerji və nəqliyyat potensialı, siyasi sabitlik və müdafiə qabiliyyəti. Azərbaycanın son illərdə bu istiqamətlərin hər birində mövqeyini gücləndirməsi onun regional çəkisinin artmasına şərait yaradıb.

Güclü Silahlı Qüvvələr isə bu sistemin təhlükəsizlik sütunlarından biridir. Dövlətin öz ərazi bütövlüyünü və milli maraqlarını qorumaq imkanına malik olması onun diplomatik mövqeyinə də əlavə çəki verir.

Cənubi Qafqazda son illərdə yaranmış yeni reallıqlar Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə dəyişib. Əvvəllər əsas gündəm münaqişənin həlli və işğal altında olan ərazilərin taleyi idisə, hazırda diqqət daha çox postmünaqişə dövrünün quruculuğuna, regional kommunikasiyaların açılmasına və uzunmüddətli sülhün təmin edilməsinə yönəlib.

Belə bir mərhələdə güclü ordu dövlət üçün mühüm strateji təminat olaraq qalır. Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikir də məhz Azərbaycanın yeni regional reallıqlarda öz təhlükəsizlik maraqlarını qorumaq imkanına malik olduğunu vurğulayır.

Dövlət başçısının “Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir” fikri bu mənada həm ölkənin keçdiyi hərbi inkişaf yoluna verilən qiymət, həm də gələcəyə yönəlmiş mesaj kimi qəbul edilə bilər. Xüsusilə Naxçıvanda hərbi potensialın daha da gücləndiriləcəyinin bildirməsi Azərbaycanın təhlükəsizlik siyasətində bu strateji bölgəyə verilən önəmi bir daha nümayiş etdirir.
 
Füzuli Abdullayev,
YAP Ağsu rayon təşkilatının sədri

Vumart və Güvən reklamı Vumart Güvən