Bu bal növünün super bakteriyalara qarşı təsirinin sirri AÇIQLANDI
Alimlər müəyyən ediblər ki, manuka balının mikroblara qarşı təsiri təkcə bir maddə ilə bağlı deyil. Onun antibakterial xüsusiyyətləri bir neçə bioaktiv birləşmənin birlikdə təsiri nəticəsində yaranır.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri Microbiology jurnalında dərc olunub.
Manuka balı Yeni Zelandiyada bitən xüsusi bir kolun nektarından əldə edilir və uzun illərdir antibakterial xüsusiyyətlərinə görə qiymətləndirilir. İndiyədək onun mikroblara qarşı təsirinin əsasən yüksək miqdarda metilqlioksal (MGO) maddəsi ilə əlaqəli olduğu düşünülürdü.
Araşdırmaçılar bu ehtimalı yoxlamaq üçün müxtəlif manuka balı nümunələrinin tənəffüs yolu infeksiyalarına səbəb olan bakteriyalara təsirini araşdırıblar.
Məlum olub ki, manuka balının antimikrob təsirini yalnız metilqlioksal və şəkərlə izah etmək mümkün deyil. Alimlərin əsas komponent və şəkərin balda olan miqdarını təqlid edərək hazırladıqları süni qarışıqlar əsl manuka balı ilə eyni təsiri göstərməyib.
Tədqiqatın rəhbəri, Aston Universitetinin biologiya elmləri üzrə baş müəllimi Conatan Koks bildirib ki, manuka balının güclü təsirində əlavə, hələ tam öyrənilməmiş birləşmələr və onların qarşılıqlı təsiri mühüm rol oynayır.
Alimlərin sözlərinə görə, bu maddələrin müəyyən edilməsi və onların necə birlikdə təsir göstərdiyinin öyrənilməsi bakteriyaların antibiotiklərə qarşı davamlılığının artdığı bir dövrdə xüsusi əhəmiyyət daşıyır.
Tədqiqat qrupu hazırda yüksək keyfiyyətli manuka balının tərkibində olan və hələ tam müəyyənləşdirilməmiş bioaktiv birləşmələrin araşdırılmasını davam etdirir.
NURİYYƏ













