Tovuzda üç uşaq anası itkin düşüb - FOTO

 16:09 17.08.2026     290

Tovuz rayonunda 26 yaşlı qadının itkin düşdüyü bildirilir.

Redaktor.az "Teleqraf"a istinadla xəbər verir ki, üç uşaq anası olan Cəlilova Lamiyə Səməd qızı avqustun 6-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Yaxınlarının sözlərinə görə, Lamiyə bir müddət əvvəl rayonun Qazıqulu kəndində yerləşən ata evinə gəlib. Sonuncu dəfə məhz burada görünüb. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Lamiyənin evdən getməsindən sonra dərhal polisə məlumat verilib. Hazırda onun tapılması üçün axtarış tədbirləri davam etdirilir.

İlkin məlumata görə, Lamiyənin ailəsində müəyyən narazılıqlar olsa da, onun itkin düşməsinə səbəb ola biləcək konkret hadisə barədə məlumat yoxdur. Valideyinlərinin sözlərinə görə, qadın tez-tez ağlayırmış, lakin narahatlığının səbəbini onlara açıqlamayıb.

"Ayın 6-sı saat 11-də işləyirdim. Balaca qızı çağırdım, dedim, anan hanı? Dedi ki, yoxdur. Gəldim evləri axtardım, yox idi. Balaca da yatırdı. O gedən gedib. Polisi yığdım, 102-yə müraciət elədim.

Ailədə problemləri yox idi. Gördüm, ər evində oturmaq istəmir. Dedim, istəmirsənsə, məhkəməyə verək, boşan. Mən də bir həftə idi onu ər evindən gətirmişdim. Ötən il bir dəfə də qaçıb gəlmişdi, iki aydan sonra qayıdıb getdi. On ildir ailə qurub. İlk dəfədir belə evdən gedir. Psixoloji problemi barədə bir söz deyə bilmirəm, amma əsəbləri yerində deyildi" - L.Məmmədovanın anası Sevil Məmmədova bildirib.

Hazırda Lamiyənin harada olduğu və ya hansı istiqamətə getdiyi məlum deyil. Onun ər evi danışmaq istəmir.

Lamiyənin atası Səməd Məmmədovun sözlərinə görə, övladı avqustun 6-sı günü saat 10-11 arası evdən çıxıb gedib: "Polis də axtarır, hələlik xəbər yoxdur. Ər evində bir az yoldaşı ilə narazılığı vardı. Qaynanası, qaynatası ilə heç bir problemi yox idi. Şəxsiyyət vəsiqəsini də özüylə götürüb. Təki sağ-salamat tapılsın".

Lamiyə Cəlilovanın tapılması istiqamətində Tovuz Rayon Polis Şöbəsi axtarış tədbirlərini davam etdirir.

Ailə üzvləri Lamiyə barədə hər hansı məlumatı olan şəxslərdən aidiyyəti qurumlara müraciət etməyi xahiş edir.

Medial

Medial

Vumart və Güvən reklamı Vumart Güvən