Formula-1 Azərbaycan Qran-prisi ərəfəsində tursitlərin Bakıya marağı 10 dəfə artıb
Formula-1 üzrə Azərbaycan Qran-prisinin keçiriləcəyi həftədə rusiyalıların Bakıda otellərə olan tələbatı ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfə artıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Gazeta.Ru” “Ostrovok” onlayn otel və mənzil bronlaşdırma xidmətinin məlumatlarına istinadən yazıb.
Məlumata görə, sentyabrın 21-dən 27-dək olan həftədə Bakıda otellərə tələbat sentyabrın 14-20-si ilə müqayisədə iki dəfə artıb. Sentyabr ayında rusiyalıların Bakıya səfərlərinin hər beşincisi məhz Formula-1 yarışlarının keçirildiyi tarixlərə təsadüf edir. Bu göstərici 20 faiz təşkil edir.
Qeyd edək ki, Formula-1 üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-dən 26-dək Bakıda keçiriləcək. Yarış paytaxtın küçələri boyunca salınmış şəhər trasında baş tutacaq. Bu il Bakıdakı yarış yubiley xarakteri daşıyacaq və 10-cu dəfə keçiriləcək.
Servisin məlumatına görə, rusiyalıların Azərbaycana marağı hələ yayın əvvəlindən artmağa başlayıb. Mövsümün sonuna yaxın isə Formula-1 səfərlərin əsas səbəblərindən birinə çevrilib. 2026-cı ilin may-sentyabr aylarında Azərbaycanda istirahətə tələbat 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artıb.
Azərbaycan yay mövsümündə rusiyalıların ən çox seçdiyi xarici istiqamətlər siyahısında 14-cü yerdən 12-ci yerə yüksəlib. Ölkə bronların sayına görə Fransa və Birləşmiş Ərəb Əmirliklərini geridə qoyub.
“Ostrovok”un idarəedici direktoru İrina Kozlova bildirib ki, Azərbaycana səfər üçün viza tələb olunmur və Bakı ilə Moskva, Sankt-Peterburq, Yekaterinburq, Krasnoyarsk, Novosibirsk və Rusiyanın digər şəhərləri arasında birbaşa uçuşlar həyata keçirilir.
Onun sözlərinə görə, tədbir turizmi də rusiyalıların Azərbaycana səfərlərində getdikcə daha böyük rol oynayır. Sentyabrda Bakıda Formula-1-dən əvvəl Valeri Meladzenin konserti keçiriləcək, yarış həftəsonu çərçivəsində isə Kelvin Harris və Keti Perrinin çıxışları planlaşdırılır.
Sentyabr ayında Bakıda bron edilmiş bir gecənin orta qiyməti 8 250 rubl təşkil edir. Bu, ötən ilin göstəricisindən 4 faiz aşağıdır. 2025-ci ildə orta qiymət 8 600 rubl olub. Formula-1 həftəsində isə gecələmənin qiyməti orta hesabla 10 300 rubla yüksəlir.
Rusiyalı turistlər Azərbaycanda istirahət üçün ən çox dördulduzlu otellərə üstünlük verirlər. Bütün bronların 49 faizi bu kateqoriyaya düşür. Üçulduzlu otellərin payı 21 faiz, beşulduzlu otellərin payı 16 faiz, bir və ikiuulduzlu hotellərin payı isə 6 faizdir. Mənzillər və ulduz kateqoriyası olmayan otellərin hər birinin payı 4 faiz təşkil edir.
Azərbaycana daha çox uşaqları olmayan cütlüklər səfər edir. Onların payı bütün bronların 59 faizidir. Səfərlərin 25 faizi tək səyahət edən rusiyalıların payına düşür. Uşaqlı ailələrin və uşaqları olmayan böyüklərdən ibarət qrupların hər birinin payı isə 8 faizdir.
Xədicə BAXIŞLI













