Xocavənddə daha 43 ailəyə evlərinin açarları təqdim olundu - FOTO - YENİLƏNİB
Bu gün Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Redaktor.az xəbər verir ki, kəndlərə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.
Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Bildirilib ki, bu gün başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.
Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 19 ailə (88 nəfər), Quzeyxırman kəndinə 13 ailə (61 nəfər), Qırmızı Bazar qəsəbəsinə 11 ailə (42 nəfər) köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Xocavənd rayonuna növbəti köç karvanı yola salınıb.
Redaktor.az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə ümumilikdə 48 ailə – 191 nəfər köçürülür.
Onlardan 19 ailə (88 nəfər) Xocavənd şəhərinə, 11 ailə (42 nəfər) Qırmızı Bazar qəsəbəsinə, 13 ailə (61 nəfər) isə Quzeyxırman kəndinə yola salınıb.
Köçürülən ailələr uzun illər respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşıblar.
Sakinlər doğma torpaqlarına qayıtdıqları üçün sevinc hisslərini bölüşüblər.





















