Qızıl dəridə niyə qara izlər buraxır? - AÇIQLAMA
Bir çox insan sevdiyi qızıl üzük və ya bilərziyi taxdıqdan sonra dərisində tünd, hətta qara izlərin yarandığını müşahidə edir. Bu isə bəzən zinət əşyasının saxta olması və ya orqanizmdə hansısa problem olması ilə bağlı narahatlıq yaradır.
Redaktor.az xəbər verir ki, kimyaçı, Rusiya Texnologiya Universitetinin (RTU MİREA) qeyri-üzvi kimya kafedrasının dosenti Andrey Doroxovun sözlərinə görə, əksər hallarda bunun səbəbi mexaniki aşınma, metalın oksidləşməsi və dərinin fərdi xüsusiyyətləri ilə bağlıdır.
Mütəxəssis bildirib ki, ən geniş yayılmış səbəblərdən biri mexaniki aşınmadır. Belə ki, kremlər, pudralar və günəşdən qoruyucu vasitələrin tərkibində sink oksidi və titan dioksid kimi xırda bərk hissəciklər olur. Bu hissəciklər zinət əşyasının səthi ilə təmas zamanı onu tədricən aşındırır. Qızılın və ərintidəki digər metalların çox kiçik hissəcikləri nəmli və ya yağlı dəriyə çökərək tünd, yaxud qara iz kimi görünə bilər.
Digər səbəb isə kimyəvi korroziya və oksidləşmədir. Kimyaçı qeyd edib ki, zərgərlik məmulatları adətən saf 999 əyarlı qızıldan hazırlanmır. Çünki saf qızıl çox yumşaq olur. Buna görə də möhkəmliyi və fərqli rəngi təmin etmək üçün ərintiyə mis, gümüş, nikel və sink kimi metallar əlavə edilir.
İnsanın təri duzlar və yağ turşuları ehtiva etdiyindən, dərinin fərdi turşuluq səviyyəsindən asılı olaraq bu maddələr ərintidəki metallarla reaksiyaya girə bilər. Xüsusilə misin oksidləşməsi nəticəsində dəridə qara, bəzi hallarda isə tünd yaşıl izlər yarana bilər.
Nadir hallarda isə bu vəziyyət ərintidə olan bəzi metallara, məsələn, ağ qızılın tərkibində rast gəlinə bilən niklə qarşı dərinin fərdi reaksiyası ilə əlaqəli ola bilər.
Mütəxəssis problemin qarşısını almaq üçün zinət əşyalarını mütəmadi təmizləməyi, krem və digər kosmetik vasitələrdən istifadə edərkən onları çıxarmağı, həmçinin fiziki fəaliyyət zamanı qızıl məmulatları taxmamağı tövsiyə edib. Problem davamlı olarsa, zinət əşyasının tərkibində arzuolunmaz qatışıqların olub-olmadığını müəyyənləşdirmək üçün zərgərə müraciət etmək məsləhətdir.
NURİYYƏ













