"Həkimi qorumaq millətin sağlamlığına qoyulan sərmayə deməkdir" - Zahid Oruc yazır...
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü on minlərlə səhiyyə işçisinin sosial vəziyyətinə və xalqımızın sağlam gələcəyini təmin etməyə yönələn mühüm siyasi qərardır. Azərbaycan səhiyyəsində uzun illər ərzində xəstəxanaların tikintisinə, tibbi avadanlıqların alınmasına, icbari tibbi sığortanın yaradılmasına, idarəetmə sisteminin yenilənməsinə böyük dövlət vəsaiti yönəldilib. İndi müasir infrastrukturu çalışdıran əsas qüvvənin – həkimin, tibb bacısının və digər səhiyyə işçilərinin maddi və sosial təminatı daha güclü şəkildə dövlət siyasətinin mərkəzinə çıxır.
Yeni əməkhaqqı siyasətinin miqyası qərarın təkcə sosial artımla məhdudlaşmadığını göstərir. Rəsmi məlumatlara görə, sentyabrın 1-dən tətbiq olunan yeni qaydalar TƏBİB tabeliyində çalışan 72 min 212 tibb işçisini əhatə edir. Onların 36 min 41-i orta, 20 min 367-si kiçik tibb heyəti, 8 min 675-i ambulator tibbi xidmət göstərən həkimlər, 7 min 129-u isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya və regionlarda kadr çatışmazlığı olan dar ixtisaslar üzrə çalışan həkimlərdir. TƏBİB sistemi üzrə illik əməkhaqqı fondunun 189 milyon manat və ya 13,66 faiz artırılması nəzərdə tutulur.
Rəqəmlərin dövlətin seçdiyi əsas sahələri aydın görünür. Ailə həkimlərinin faktiki 1150 manat olan əməkhaqqının 2000 manata, bəzi təcili tibbi yardım həkimlərinin maaşının 3000 manata, anestezioloq-reanimatoloqların müəyyən kateqoriyalar üzrə faktiki 1450 manatlıq əməkhaqqının 3000 manata çatdırılması nəzərdə tutulursa, deməli, artım bütün sistemə mexaniki şəkildə eyni faiz vermək prinsipi ilə aparılmır. Dövlət ən çox ehtiyac duyduğu həkimi, ən ağır xidmət sahələrini və regionlarda tapılması çətin olan mütəxəssisləri əməkhaqqı siyasəti ilə qorumağa çalışır.
İmzalanan fərmanın nəticələri tibb işçilərinin büdcəsi ilə yekunlaşmır. Çünki səhiyyədə yüksək maliyyələşdirilən peşəkar həkimin xidmətindən milyonlarla insan faydalanır. Tibbi sferanın nüfuzunun yüksəlməsi əvəzolunmaz xidmət sahəsində çalışanların xaricə axınının qarşısını almağa kömək edir, əlavə iş yükünü azaldır, regionlara təyinata stimul verir, xəstəyə daha çox vaxtın ayrılmasına, dövlət tibb müəssisəsində uzunmüddətli fəaliyyətin təşkilinə və nəticədə vətəndaşın aldığı xidmətin keyfiyyətinə müsbət təsir edir.
Ona görə də Birinci Vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünün məqsədi tibb işçilərinin rifahını artırmaqla milyonlarla vətəndaşın keyfiyyətli tibbi xidmət almaq imkanını gücləndirməkdir.
Xalqımızın arzularına cavab verən təşəbbüs Mehriban xanım Əliyevanın uzun illər davam edən sosial və humanitar sferada apardığı böyük miqyaslı kursun davamıdır. Uşaq evləri və internatlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, məktəbəqədər müəssisələr, talassemiyaya qarşı mübarizə, ana və uşaq sağlamlığı, tibbi müəssisələrin yenilənməsi, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların müalicəsi Heydər Əliyev Fondunun ən yüksək diqqəti və qayğısı altında olub.
2026-cı il avqustun 26-da Mehriban Əliyevanın doğum günündə seçdiyi ünvanlar da xüsusi məna daşıyırdı. Elmi-Tədqiqat Pediatriya İnstitutu bir əsrdən artıq tarixi olan, ana və uşaq sağlamlığına xidmət göstərir, 255 çarpayılıq klinik şöbələr, respublika üzrə mərkəzi müəssisə funksiyasını daşıyan 60 çarpayılıq neonatal reanimasiya və intensiv terapiya şöbələri müəssisədə fəaliyyət göstərir.
Məsələnin birinci strateji istiqaməti peşəkar həkimlərin ölkədə saxlanılmasıdır.
Həkim miqrasiyası bütövlükdə Avropa səhiyyəsinin əsas problemlərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, Avropa regionunda xaricdə hazırlanmış həkim və tibb bacılarının sayı son onillikdə sürətlə artıb. Yüksək gəlirli dövlətlər başqa ölkələrdə hazırlanmış mütəxəssisləri daha yüksək maaş, sosial təminat və peşəkar inkişaf imkanları ilə öz səhiyyə sistemlərinə cəlb edirlər.
Belə şəraitdə Azərbaycan həkiminin gəliri həm də milli səhiyyə təhlükəsizliyi deməkdir.
Peşəkar həkim bir neçə ildə yetişmir. Universitet təhsili, rezidentura, klinik təcrübə, mürəkkəb əməliyyatlar, illərlə toplanan bilik və peşəkar nüfuz uzun prosesdir. Dövlət və ailə illərlə insan kapitalına sərmayə yatırdıqdan sonra milli mütəxəssislərin başqa ölkənin səhiyyə sisteminə keçməsi onların təhsilinə, klinik hazırlığına və təcrübəsinə yatırılmış illərin və xərclərin də itirilməsinə səbəb olur.
Avropa ölkələrinin təcrübəsi göstərir ki, davamlı axını azaltmaq mümkündür. Uzun illər böyük həcmdə tibbi kadr ixrac edən Rumıniyada həkimlərin ölkədən getmə dinamikası sonradan nəzərəçarpacaq şəkildə zəifləyib.
Digər mühüm məsələ, həkimlərin regionlarda çatışmamasının qarşısını almaqdır. Çünki bölgələrdə peşəkar tibbi kadrların mütənasib yerləşməsini təmin etmək əhalini kəndlərdə saxlamaqla yanaşı, paytaxtın yüklənməsinin qarşısını alan ən mühüm iqtisadi və demoqrafik qərara çevilir. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan səhiyyə sistemi haqqında ingilisdilli təhlilində açıq şəkildə deyilir:
“Rural areas face staffing and infrastructure shortages.”
Yəni kənd və region ərazilərində kadr və infrastruktur çatışmazlığı qalır.
Eyni beynəlxalq qiymətləndirmələr göstərir ki, yerlərdə həkimlərin cəlb olunması və saxlanması daha çətindir. Şamaxıda aparılmış ayrıca tədqiqatda kənd ilkin səhiyyə müəssisələrində həkim ştatlarının 54 faizinin boş olması müəyyən edilmişdi.
Rayonda müasir xəstəxana tikmək, bahalı MRT və laboratoriya avadanlığı quraşdırmaq mümkündür. Lakin paytaxtdan kənar xəstəxanalarda radioloq, anestezioloq, reanimatoloq, pediatr, kardioloq və digər zəruri mütəxəssis yoxdursa, bina öz sosial funksiyasını tam yerinə yetirə bilmir. Yeni əməkhaqqı modelində regionlarda kadr çatışmazlığı olan dar ixtisaslar ayrıca nəzərə alınır.
Bakıdan uzaq rayonlarda fəaliyyət göstərən həkim üçün yüksək əməkhaqqı ilə yanaşı kirayə kompensasiyası, davamlı ixtisasartırma, peşəkar inkişaf, uşaqlarının təhsil imkanları, müəyyən müddət regionda işlədikdən sonra əlavə təminatlar sistemi yaradılsa, bölgələrə peşəkar həkim cəlb etmək daha effektiv olar.
Tibbi əlçatanlığın həqiqi ölçüsü vətəndaşın yaşadığı yerdə peşəkar həkimə neçə dəqiqəyə çata bilməsidir.
İndi Mehriban Əliyevanın xeyirxahlığı ilə irəli sürülən ümummilli tədbir Azərbaycanın yeni məskunlaşma coğrafiyasında – Qarabağ və Şərqi Zəngəzurda daha böyük əhəmiyyət qazanır.
Otuz ilə yaxın ölkənin real səhiyyə sistemindən kənarda qalmış böyük bir ərazi yenidən Azərbaycanın sosial, iqtisadi və tibbi xəritəsinə qayıdır. İşğaldan azad edilmiş ərazilərə əbədi yaşamaq üçün on minlərlər ailələr köçür. Azad olunan torpaqlarda yeni Vətən qurulur. Ona görə də məktəb, yol, elektrik, su və iş yeri ilə yanaşı xəstəxana, ailə həkimi, pediatr, təcili yardım, aptek və ixtisaslaşdırılmış tibbi xidmətin yüksək səviyyədə yaradılması dövlətimizin diqqət mərkəzindədir.
İnsan doğma kəndinə qayıdıb xəstələnəndə yüzlərlə kilometr uzağa getməyə məcbur qalmayacaq, onun məskunlaşdığı ərazidə sosial həyat tam bərpa ediləcək.
2026-cı ilin martında Səhiyyə Nazirliyində işğaldan azad edilmiş ərazilərdə tibbi xidmətlərin təşkili ilə bağlı keçirilən xüsusi iclasda ilkin səhiyyə, təcili və təxirəsalınmaz tibbi yardım, ixtisaslaşdırılmış xidmətlər, xəstəxana çarpayılarının sayı, dərman təchizatı, mobil tibbi xidmətlər, tibb müəssisələrinin kadr təminatı və tibb işçiləri üçün stimullaşdırıcı mexanizmlər birlikdə müzakirə olunub.
Sonuncu istiqamət xüsusilə vacibdir.
Qarabağa həkim - Ağdamda, Füzulidə, Zəngilanda, Laçında, Kəlbəcərdə və azad edilmiş digər yaşayış məntəqələrində uzunmüddətli tibbi xidmət sistemi gələcəyin qurulması deməkdir. Onun əməkhaqqı, mənzil təminatı, ailəsinin yaşayış şəraiti, uşaqlarının təhsili, peşəkar inkişafı və Bakının aparıcı klinikaları ilə tibbi əlaqələri təmin olunur.
Böyük Qayıdış yalnız keçmiş məcburi köçkünün doğma torpağöna qayıdışı ilə bərabər, müəllimin, həkimin, mühəndisin və sahibkarın həmin torpaqda yeni həyat qurmasıdır.
Tibb işçilərinin əməkhaqqı siyasəti Qarabağın məskunlaşdırılması proqramının tərkib hissəsidir. Uzun illər məcburi köçkün həyatı yaşamış yaşlı nəsil, müharibə iştirakçıları, mina və partlamamış sursat təhlükəsi, psixoloji travmalar, məsafədən yaranan təcili yardım problemləri, yaşlı əhali arasında xroniki xəstəliklərin geniş yayılması azad torpaqlarda səhiyyə sisteminə xüsusi yanaşma tələb edir.
ÜST-nin Azərbaycan üzrə 2024-cü il hesabatında son illərin dəyişiklikləri haqqında deyilir:
“Recent reforms have reorganized the health system.”
Yəni son islahatlar səhiyyə sistemini yenidən təşkil edib.
ÜST həmçinin bildirir ki, 2018–2023-cü illərdə Azərbaycanda dövlət səhiyyə xərcləri dörd dəfə artıb. İcbari tibbi sığorta bütün əhalini əhatə edir, xidmətlər zərfinə təcili yardım, ilkin səhiyyə, ambulator və stasionar tibbi xidmətlər daxildir. TƏBİB-in yaradılması, tibbi xidmət göstərən, maliyyələşdirən və tənzimləyən qurumların funksiyalarının ayrılması səhiyyənin əvvəlki idarəetmə modelindən yeni sistemə keçirilməsinin əsas elementlərinə çevrilib.
Dünya Bankının Azərbaycan səhiyyəsinin rəqəmsallaşdırılması və icbari tibbi sığorta sistemi ilə bağlı təhlillərində də həyata keçirilən islahatların səhiyyənin modernləşdirilməsi və maliyyə dayanıqlığının gücləndirilməsi üçün baza yaratdığı vurğulanır.
Beləliklə, Azərbaycan səhiyyəsinin son iyirmi ildə keçdiyi yolu üç mərhələdə görmək mümkündür. Birinci mərhələdə infrastruktur – xəstəxanalar, klinikalar, diaqnostika mərkəzləri yaradıldı. İkinci mərhələdə maliyyələşmə və idarəetmə mexanizmi – icbari tibbi sığorta və yeni institusional sistem quruldu. İndi üçüncü mərhələ daha aydın görünür: insana keçid bütün siyasətin mərkəzində dayanır.
Xarici təhlillər Azərbaycan səhiyyəsinin nailiyyətləri ilə yanaşı, qarşıdakı problemləri də göstərir. ÜST-nin hesabatlarında regionlarda kadr çatışmazlığı, ilkin səhiyyənin daha da gücləndirilməsi ehtiyacı, şəhər və kənd arasındakı fərqlər, xroniki qeyri-infeksion xəstəliklərin böyük yükü və əhalinin bəzi tibbi xərclərinin yüksək olması qeyd edilir.
Azərbaycan son iyirmi ildə səhiyyə infrastrukturuna böyük vəsait qoyub. Yüzlərlə tibb müəssisəsi tikilib və yenidən qurulub, icbari tibbi sığorta bütün ölkəyə yayılıb, TƏBİB yaradılıb, yeni klinikalar, diaqnostika imkanları və idarəetmə mexanizmləri formalaşıb. Qarabağ və Şərqi Zəngəzurda isə səhiyyə infrastrukturu faktiki olaraq sıfırdan qurulur.
Bir tərəfdə Avropanın, Türkiyənin və digər ölkələrin daha yüksək əməkhaqqı təklif edən səhiyyə sistemləri, digər tərəfdə Bakının özəl klinikaları, üçüncü tərəfdə regionların və azad edilmiş ərazilərin artan kadr ehtiyacı dayanır. Dövlət səhiyyəsi güclü rəqabətdə qalib gəlmək istəyir, tibb işçisinə layiqli həyat, peşəkar inkişaf və gələcək perspektivi verməyə çalışır.
Ona görə sentyabrın 1-dən başlayan əməkhaqqı islahatı böyük kadr siyasətinin təminatıdır. Regionlarda və azad edilmiş ərazilərdə işləyən mütəxəssislər üçün diferensial maaşlar, mənzil və sosial paketlər, xarici ölkələrdə çalışan azərbaycanlı həkimlərin geri dönüş proqramları, davamlı tibbi təhsil, beynəlxalq sertifikasiya, peşəkar inkişaf və nəticəyə əsaslanan mükafatlandırma aparılan siyasətin davamıdır.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə atılan addım milyonlarla insanın sağlamlığına əlavə sərmayə qoyulmasıdır. Qarabağa qayıdan vətəndaşdan paytaxtda yaşayan ailəyə, yeni doğulan körpədən yaşlı insana qədər humanist qərarın ünvanıdır.
Zahid Oruc,
Milli Məclisin deputatı













