Vüqar Bayramov Varşavada beynəlxalq tədbirdə iştirak edəcək
Milli Məclisin deputatı Vüqar Bayramov Qlobal Ticarət və İnnovasiya Siyasəti Alyansının (GTIPA) illik zirvə toplantısında iştirak etmək üçün Polşaya səfər edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Deputat sentyabrın 8-də Polşanın paytaxtı Varşava şəhərinə yola düşəcək.
Tədbir çərçivəsində müasir iqtisadiyyatın və beynəlxalq əməkdaşlığın əsas çağırışları ətrafında müzakirələr aparılacaq.
Vüqar Bayramovun tədbirdə “Azərbaycanda rəqəmsal inkişaf və süni intellekt: Hədəflər və perspektivlər” mövzusunda çıxış edəcəyi nəzərdə tutulub.
Deputatın Polşaya səfəri sentyabrın 14-də başa çatacaq.













