Payızın ilk maqnit qasırğası BAŞLADI
Yer kürəsində payız fəslinin ilk maqnit qasırğası başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Məlumata görə, maqnit qasırğası Moskva vaxtı ilə saat 11:00 radələrində başlayıb. Hadisə hazırda zəif hesab olunur və 5 ballıq şkala üzrə G1 səviyyəsinə aiddir.
Alimlərin sözlərinə görə, bir neçə gün əvvəl Günəşdən Yer istiqamətində plazma buludu atılıb. Plazma bazar ertəsi günorta saatlarında Yerə çataraq uzunmüddətli geomaqnit pozuntularına səbəb olub. Bu pozuntular artıq təxminən bir sutkadır davam edir.
Çərşənbə axşamı günü geomaqnit qasırğasının həddi keçilib.
Laboratoriyanın proqnozuna əsasən, geomaqnit vəziyyətin sabitləşməsi ən tez iki gündən sonra baş verə bilər. Bu müddət ərzində G2 və G3 səviyyəli maqnit qasırğalarının baş verməsi də mümkündür.
Geomaqnit aktivliyin artması nəticəsində qütb işıqlarının müşahidəsində də artım qeydə alınıb. Mütəxəssislər bu hadisəni ötən gecə Moskva vaxtı ilə saat 00:00 radələrində Rusiyanın şimal və şimal-qərb bölgələrində qeydə alıblar.
NURİYYƏ













