Google Aİ-nin yeni qaydalarının axtarış sisteminə təsirindən xəbərdarlıq ETDİ

 17:25 08.09.2026     292

Google Avropa İttifaqının (Aİ) yeni antinhisar qaydalarının internet axtarışının keyfiyyətini aşağı sala və avropalı istifadəçilər üçün xərcləri artıra biləcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə şirkətin axtarış və reklam üzrə baş vitse-prezidenti Nik Foks Reuters-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Google Aİ-nin antinhisar qurumlarının tələblərinə uyğunlaşmaq üçün Avropadakı axtarış nəticələrində dəyişikliklər edib. Şirkət hesab edir ki, bu dəyişikliklər istifadəçi təcrübəsini pisləşdirəcək.

Qeyd edək ki, iyul ayında ABŞ-nin texnologiya nəhəngi “alış-veriş”, “otellər”, “nəqliyyat” və “idman” kimi axtarış sorğularında öz xidmətlərinə üstünlük verdiyi üçün 460 milyon avro məbləğində cərimələnib. Bu hal iri texnologiya şirkətlərinin bazardakı gücünü məhdudlaşdırmağa yönəlmiş Aİ-nin Rəqəmsal Bazarlar Aktının pozulması kimi qiymətləndirilib.

Avropa Komissiyası Google-a tələblərə əməl etməsi üçün 60 gün vaxt verib. Əks halda şirkət dünya üzrə ümumi dövriyyəsinin 5 faizinə qədər dövri cərimələrlə üzləşə bilər.

Yenilənmiş axtarış nəticələrində səhifənin yuxarı hissəsində bir ixtisaslaşmış axtarış sistemi göstəriləcək. Onun ardınca daha az məlumat təqdim edən iki digər sistem yerləşdiriləcək. Daha aşağıda isə otellər, aviaşirkətlər və restoranların yer aldığı karusel olacaq. Bu bölmədən real vaxt rejimində qiymətlər kimi əsas funksiyaların çıxarılması nəzərdə tutulur. Nəticələrin sıralanması isə Google-un alqoritmi əsasında həyata keçiriləcək.

Nik Foks bildirib ki, bu dəyişikliklər Avropadakı istifadəçilərin təcrübəsini pisləşdirəcək:

“Bu dəyişikliklər yerli müəssisələrin hesabına onlayn vasitəçiləri gücləndirir və insanların gündəlik istifadə etdiyi faydalı funksiyaları aradan qaldırır. Aİ-dən kənarda olan istifadəçilər bu dəyişikliklərdən təsirlənməyəcək”.

Google həmçinin bildirib ki, Avropa Komissiyasının tələblərinə uyğunlaşmaq üçün əvvəl həyata keçirilən dəyişikliklər Avropadakı şirkətlərin pulsuz birbaşa bronlaşdırma xidmətlərinə keçidlərində 30 faiz azalmaya səbəb olub. Şirkət son dəyişikliklərin də bizneslərə təsir edəcəyini gözləyir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən