117 yaşlı qadının orqanizmində qəribə yaşlanma paradoksu AŞKARLANDI
İspaniyalı alimlər 117 yaşında vəfat edən qadının orqanizmində həm dərin yaşlanma əlamətləri, həm də hüceyrələrin qeyri-adi şəkildə “gənc” qalmasını göstərən xüsusiyyətlər aşkarlayıblar. Tədqiqat zamanı qadının genomu, zülalları, maddələr mübadiləsi, bağırsaq mikroflorası və DNT-dəki dəyişikliklər geniş şəkildə təhlil edilib.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri “Cell Reports Medicine” jurnalında dərc olunub.
Tədqiqatçılar M116 kimi qeyd etdikləri qadından qan, tüpürcək, sidik və nəcis nümunələri götürüblər. Qan analizlərinin əsas hissəsi qadının 116 yaşı olarkən aparılıb. M116 2023-cü ilin yanvarından 2024-cü il avqustun 19-dək təsdiqlənmiş ən yaşlı canlı insan olub. O, 1907-ci ildə San-Fransiskoda doğulub, 8 yaşından isə İspaniyada yaşayıb.
Araşdırmada qadının yaşlı orqanizmə xas bir sıra xüsusiyyətlərə sahib olduğu müəyyən edilib. Bunlardan biri telomerlərin uzunluğu olub. Xromosomların uclarında yerləşən və hüceyrələri qoruyan telomerlər hüceyrə bölünməsi zamanı adətən qısalır. M116-nın telomerlərinin orta uzunluğu təxminən 8 kilobaza olub ki, bu, araşdırmada iştirak edən sağlam insanlar arasında ən aşağı göstərici sayılıb. Onun telomerlərinin təxminən 40 faizi isə son dərəcə qısa olub.
Lakin alimlər bildiriblər ki, telomerlərin bu qədər qısalmasına baxmayaraq, qadında yaşlılıqla əlaqəli ağır xəstəliklərin gözlənilən səviyyədə müşahidə olunmaması diqqət çəkib.
Daha maraqlı nəticə isə epigenetik analiz zamanı əldə edilib. DNT-də yaşla dəyişən kimyəvi işarələri araşdıran altı müxtəlif “epigenetik saat” M116-nın bioloji yaşının faktiki yaşından daha aşağı olduğunu göstərib. Əlavə bir metodla aparılan hesablamaya əsasən, qadının bioloji yaşı xronoloji yaşından 23,17 il aşağı olub. Yəni onun orqanizminin bioloji yaşı təxminən 94 yaşa uyğun gəlib.
Molekulyar analiz zamanı yaşla əlaqəli klonal qan yaranması ilə bağlı mutasiyalar və yaşlı insanlarda daha çox rast gəlinən B hüceyrələrinin yüksək sayı da müəyyən edilib. Bununla yanaşı, qadında yağ mübadiləsinin effektiv işləməsi və orqanizmdə sistemli iltihabın aşağı səviyyədə olması müşahidə olunub.
Alimlər həmçinin qadının bağırsağında iltihabəleyhinə proseslərlə əlaqələndirilən Bifidobacterium bakteriyalarının qeyri-adi dərəcədə yüksək olduğunu müəyyən ediblər.
Tədqiqat müəllifləri hesab edirlər ki, qadının müstəsna uzunömürlülüyü çoxsaylı amillərin birgə təsiri ilə bağlı ola bilər. M116-nın immun sisteminin fəaliyyəti, ürək və beynin qorunması, eləcə də mitoxondrilərin fəaliyyəti ilə potensial əlaqəli nadir genetik variantlara sahib olduğu müəyyən edilib.
Alimlərin fikrincə, əldə olunan nəticələr orqanizmin yaşlanması ilə yaşa bağlı xəstəliklərin inkişafının molekulyar səviyyədə bir-birindən ayrı proseslər ola biləcəyini göstərir.
NURİYYƏ













