Kirayə ev elanlarında tələbələrə qoyulan qadağaya Ombudsmandan REAKSİYA
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva internet platformalarında yerləşdirilən ayrı-seçkilik xarakterli elanlarla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edib.
Redaktor.az xəbər verir ki, aparılan monitorinqlər zamanı elan saytlarından birində kirayə mənzilin müəyyən bir qrup şəxslərə verilməyəcəyini bildirən ifadələrin yer aldığı müəyyən olunub.
Səbinə Əliyeva hesab edir ki, onlayn resurslarda elanların yerləşdirilməsi qaydaları insan hüquqları, bərabərlik və ayrı-seçkiliyin yolverilməzliyi prinsiplərinə tam uyğun olmalıdır.
Müraciətdə elanların məzmununa nəzarətin gücləndirilməsi, bu cür ifadələrin vaxtında müəyyən edilərək yayımının qarşısının alınması və istifadəçilər üçün əlçatan şikayət mexanizmlərinin yaradılması vacib hesab edilib.
Eyni zamanda, hüquq pozuntularının və zərərli məzmunun avtomatik təyini üçün süni intellekt imkanlarından, eləcə də xüsusi filtr və xəbərdarlıq sistemlərindən istifadə olunması təklif olunub.
Ombudsman cəmiyyətdə hüquq mədəniyyətinin gücləndirilməsinin vacibliyini vurğulayaraq ictimaiyyəti internetdə insan ləyaqətinə xələl gətirən elanlar yerləşdirməkdən çəkinməyə çağırıb və Nazirlikdən səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini rəsmi şəkildə xahiş edib.













