"Zaman Türk dövlətlərindən daha sıx əməkdaşlıq tələbini ortaya qoyur" - Burhanəddin Duran
Müasir çağırışlar fonunda zaman Türk dövlətlərindən daha sıx əməkdaşlıq tələbini ortaya qoyur.
Redaktor.az xəbər verir ki, bu fikirlər Türkiyə Prezident Administrasiyasinin Kommunikasiya İdarəsinin rəhbəri, professor Burhanəddin Duranın “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda bu gün Bakıda keçirilən panel iclasın iştirakçılarına videomüraciətində yer alıb.
B.Duran vurğulayıb ki, ortaq tarixlə yoğrulmuş tarixi mirasımız bizim üçün çox qiymətlidir və TDT bu baxımdan böyük rol oynayır.
O bildirib ki, ortaq gələcək praktik əməkdaşlığı özündə əks etdirir.
Onun sözlərinə görə, bu baxımdan ortaq iqtisadi layihələr; ticarətin artırılması, nəqliyyat bağlantılarının gücləndirilməsi, enerji əməkdaşlığı, media, elm və texnologiyada birgə layihələr mühüm əhəmiyyət kəsb edir.
Orta Dəhlizin əhəmiyyətini qeyd edən Türkiyə Prezident Administrasiyasinin Kommunikasiya İdarəsinin rəhbəri təhsil, iqtisadiyyat, nəqliyyat, enerji, elm, texnologiya, müdafiə sənayesi, media və mədəniyyət sahələrində əməkdaşlığın Türk dünyasının sahib olduğu böyük potensialın bariz göstəricisi kimi dəyərləndirib.













