Yol polislərimiz Belarusda qalib oldular - VİDEO
Azərbaycan polisi növbəti dəfə beynəlxalq arenada böyük uğura imza atıb. Belarus Respublikasının Mogilyov şəhərində keçirilən yol-patrul xidməti əməkdaşları arasında peşəkar ustalıq və çoxnövçülük üzrə 25-ci yubiley müsabiqəsində yol polislərimiz birinci yeri tutaraq qalib olublar.
Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli özünün feysbuk hesabında paylaşım edib.
Toğrul Nəsirli bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin baş inspektorları - polis mayoru Emil İbrahimov və polis baş leytenantı Nicat Əliyev müsabiqəyə dəvət olunmuş Belarus və Rusiyadan olan yol-patrul xidməti əməkdaşları arasında birinci yerə layiq görülüblər. Müsabiqə çərçivəsində yarış iştirakçılarının peşə hazırlığı bir neçə istiqamət üzrə qiymətləndirilib.
Sınaqlar yol hərəkətinin tənzimlənməsi və nizamlanması, yol-nəqliyyat hadisələri zamanı ilkin tibbi yardım bacarıqları, atəş hazırlığı, silahla davranış və təhlükəsizlik qaydaları, eləcə də praktiki atıcılıq və fiziki hazırlıq mərhələlərini əhatə edib. Bütün mərhələlər üzrə yüksək nəticə göstərən polis mayoru Emil İbrahimov və polis baş leytenantı Nicat Əliyev birinci yeri qazanaraq yarışın mütləq qalibi olublar.
Qaliblərin təltifetmə mərasimində Belarus Daxili İşlər Nazirliyinin rəhbər şəxsləri iştirak ediblər.













