Polis hərəkətin intensiv olduğu ərazilərdə gücləndirilmiş rejimdə xidmət edir - VİDEO
Paytaxt ərazisində nəqliyyat vasitələrinin, xüsusilə marşrut avtobuslarının və sərnişinlərin, eləcə də piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Redaktor.az xəbər verir ki, polis və aidiyyəti qurumların əməkdaşları tərəfindən metrostansiyaların çıxışlarında və hərəkətin intensiv olduğu ərazilərdə avtobusların dayanacaqlara giriş-çıxışına mane olan hallar aradan qaldırılır, vətəndaşların gedəcəkləri ünvanlara maneəsiz çatması üçün zəruri tədbirlər görülür.
Nəqliyyat sıxlığına səbəb olan halların operativ şəkildə aradan qaldırılması məqsədilə kordinasiyalı iş görülür, daxil olan müraciət və çağırışlara operativ reaksiya verilir.
Bir daha hərəkət iştirakçılarından qaydalara riayət etmələri, nəqliyyat vasitələrini dayanma və durma qaydalarının tələblərinə uyğun saxlamaları, avtobus dayanacaqlarında və nəqliyyatın hərəkətinə mane olan hallardan çəkinmələri xahiş olunur. Bu tələblərə əməl olunması yollarda hərəkətin fasiləsizliyinə və nəqliyyat sıxlığının qarşısının alınmasına kömək edir.













