“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının 8-ci regional turundan - FOTO+VİDEO
“Azərişıq” ASC-nin təşkilatçılığı ilə “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının növbəti regional turu Babək rayonunda keçirilib. Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə təşkil olunan yarışda 8 komanda iştirak edib.
Redaktor.az xəbər verir ki, Babək Elektrik Şəbəkəsində (EŞ) baş tutan açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra maarifləndirmə proqramının keçirilməsinin məqsədi və əhəmiyyəti barədə yarış iştirakçılarına və qonaqlara geniş məlumatlar verilib. Bildirilib ki, Ümumrespublika Yarışının təşkili peşəkar kadrların hazırlığı, yeni nəsil energetiklərin formalaşdırılmasında mühüm rol oynayır.
Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda “Babək EŞ”, “Culfa EŞ”, “Kəngərli EŞ”, “Naxçıvan EŞ”, “Ordubad EŞ”, “Sədərək EŞ”, “Şahbuz EŞ”, “Şərur EŞ” komandaları nəzəri biliklərini sınayıblar. Onlar bu mərhələdə 20 açıq tipli sualı cavablandırıblar.
İkinci mərhələdə energetiklər onlara verilən 3 praktiki tapşırığı yerinə yetirərək peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.
Hər iki mərhələnin nəticələrinə əsasən “Şahbuz EŞ” regional turun qalibi olub. Beləliklə, komanda Ümumrespublika Yarışının Hadrutda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, “Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.




















