Naxçıvanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş irimiqyaslı “Velo Fest” velosiped festivalı baş tutdu - FOTO

 16:58 20.09.2026     103

Naxçıvan şəhərində gənclərin, idmansevərlərin və ekoloji təmiz nəqliyyat tərəfdarlarının böyük coşqusu ilə müşayiət olunan “Velo Fest” festivalı keçirilib. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan bu idman bayramı sağlam həyat tərzini, gənclərin asudə vaxtının səmərəli təşkilini və ətraf mühitə qayğını özündə birləşdirib.

Redaktor.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xüsusi maliyyə dəstəyi və “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin yüksək səviyyəli təşkilatçılığı ilə həyata keçirilib.

Festival çərçivəsində əvvəlcə peşəkar və həvəskar velosipedçilərin, xüsusilə də klub üzvlərinin yüksək fəallığı ilə şəhər daxilində 7 kilometrlik məsafəni əhatə edən dinamik veloyürüş təşkil edilib.

Yürüş iştirakçıları finiş xəttini “Saat Meydanı” Turistik İstirahət Mərkəzində keçdikdən sonra festivalın rəsmi açılış mərasimi başlayıb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin, eləcə də ümummilli lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub.

Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov ölkədə idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs edib.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə idmanın kütləviləşdirilməsi və gənclərin sağlam həyat tərzinə cəlb olunması istiqamətində görülən işləri diqqətə çatdıraraq, festivalın əhəmiyyətini yüksək qiymətləndirib.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxışında velosipedin ekoloji əhəmiyyətinə toxunub.

O, velosipeddən istifadənin şəhər mühitinin daha əlçatan formalaşmasında, əhalinin fiziki aktivliyinin artırılmasında və sağlam həyat tərzinin təşviqində müsbət rol oynadığını qeyd edib.

“Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin rəhbəri Vüqar Salahov isə çıxış edərək ölkədə velosiped hərəkatının inkişafından danışıb və festivalın ərsəyə gəlməsində dəstək göstərən bütün qurumlara minnətdarlığını bildirib.

Rəsmi çıxışlardan sonra mükafatlandırma mərasimi həyata keçirilib.

Yürüşdə fəal iştirak edən bütün gənclər layihə rəhbərliyi tərəfindən təşəkkürnamələrlə təltif olunub.

Eyni zamanda, ən azyaşlı velosipedçi, ən fəal xanım iştirakçı və yarışın ən aktiv gənclərinə xüsusi mükafatlar verilib.

Festivalın bədii hissəsi incəsənət nümayəndələrinin iştirakı ilə təşkil olunmuş rəngarəng konsert proqramı ilə davam edib.

İstedadlı gənclərin ifasında səslənən "Ey Vətən", "Ulu Öndər", "Mənim Azərbaycanım", "Zəngəzurdan Naxçıvan gedək piyada" kimi vətənpərvərlik ruhlu musiqilər iştirakçılara əsl bayram əhvali-ruhiyyəsi yaşadıb.

Həmçinin, gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə ərazidə xüsusi fotosərgi, rəsm master-klassları, maarifləndirici təlim sessiyaları və intellektual viktorinalar keçirilib.

Bu möhtəşəm idman və gənclik bayramı bütün iştirakçıların bir araya gələrək çəkdirdiyi kütləvi xatirə fotosu ilə yekunlaşıb.

 

2222222222222222222222222222
Vumart və Güvən reklamı Vumart Güvən